Ümumi

Od çərşənbəsi🔥

Od çərşənbəsi Azərbaycanda olduqca çox sevilən bayramlardandır. Novruzun ən sevilən tərəflərindən biri çərşənbələrdir. Bu çərşənbələr bir-birinə doğma olan şəxsləri yaxınlaşdırır, xoş gün keçirmələrinə vəsilə olur. Xalqımızın milli bayramlarından olan Novruz, adı kimi yeniliklər gətirir. Torpaq oyanır, bitkilər çiçəklənir, hər yerdə sevincli günlər başlanılır. Günəşin hər səhər doğması ilə elimiz, obamız aydınlanır.

Od çərşənbəsini bütün hər kəs həvəslə gözləyir. Çünki bu gün hər həyətdə, hər yerdə tonqallar qalanır. Şəhər və rayonların mərkəzi yerlərində, kəndlərdə isə küçələrin başında iri tonqallar yandırılır. Hər kəs bu bayram axşamında bir yerə toplanılır. Musiqilər səslənir, nəğmələr söylənilir, rəqslər edilir. Uşaqdan böyüyə hər kəs tonqalın üzərindən tullanır. Tonqaldan tullanan hər kəs “ağırlığım uğurluğum bu tonqalda yansın!” deyirlər. Od çərşənbəsində ocağın qalanmasının əsas məqsədi il ərzində olan dərdi, qəmi, ağırlığı odda yandırmaqdır. “Suyun yumadığını od təmizlər” ifadəsi də buradan götürülüb.

Etnoqrafiya və folklorumuzun dərin bilicisi olan Xalq yazıçısı Mövlud Süleymanlı Od çərşənbəsi ilə bağlı bunları deyib:
“Od çərşənbəsində su ilə yuyulub-yaxalandığımız kimi, odla da yuyunardıq. Odun-ocağın bizdən aşağıda, ayaqlarımızın altında olması lazım gəlir. Üzərindən atlanırıq, üstümüzün ağırlığını oda tökürük. Sonrasa oda arxa çeviririk. Hamısı ona görədir ki, biz həmin anda başlanğıcı, böyük doğuluşu, hər şeyin, əsasən də dörd ünsürün- Suyun, Torpağın, Odun, Havanın yenidən bir-birinə qovuşması, arınması dönəmini yaşayırdıq”.

Qədimdə Od çərşənbəsində başqa bir yaxşı adət də olub: qonum-qonşular yasda olan ailənin həyətində tonqal çatar, bununla da o ailəni yasdan çıxararmışlar.

Ulu babalarımız Od çərşənbəsində sübh tezdən Günəşə qurban apararmışlar. Onların düşüncəsinə görə, Günəşi nə qədər əzizləsəydilər, qarşıdakı il bir o qədər xoş keçər, təbiət bir o qədər dirilərmiş.

Hər nə qədər qədim adət-ənənələrimizi yaşadı bugünümüzə gətirsək də, bəzi adətlərimiz unudulmuşdur. Novruzda edilən oyunlar, şənliklərin bəziləri də indi qeyd edilmir. Bu da dövrün tələbinə uyğun olaraq həmin adətlərin edilməsini mümkünsüz edir.

Od çərşənbəsində edilən adətlər

Alma falı

Od çərşənbəsində edilən adətlərdən biri də alma falıdır. İki alma seçilir və onlardan birinə nişan qoyulur. Həmin almalar daha sonra gizlədilir. Niyyət tutulur və evdəkilərdən birinə almalardan hansınısa götürməsi istənilir. Həmin adam əgər nişanlanmış almanı götürərsə, bu niyyətin doğrulacağına inanılır. Burada istifadə olunan alma  mifoloji dünyagörüşdə xoşbəxtlik, uğur bəxş edən rəmzi motivin daşıyıcısıdır. Qədimlərdə alma falını çox insan edirdi. Əsasən də gənc xanımlar.

Açar falı

Açar falı keçmiş zamanlar Od çərşənbəsində edilirdi. Bu gün niyyət tutan şəxs özü ilə bir açar götürür. Həyətə çıxır. Sonra açarı sağ ayağının altına qoyar. Qarşısına ilk çıxan, yanından ilk keçən şəxsin ilk nə deyəcəyini gözləməyə başlayır. Əgər xoş söz eşidilirsə, bu niyyətin gərçəkləşəcəyi olaraq yozulur. Buradakı açar isə simvolik olaraq həmin niyyətin açarı deməkdir.

Ayı oynatma

Ayı oynatma Od çərşənbələrinin ən sevimli adətlərindən idi. İndilərdə bu adət yalnızca el şənliklərində baş tutur. Yalnızca ayı deyil başqa heyvanlardan da istifadə olunur. Xoruz, it və s. Bu, həm Od, həm də qarşıdakı digər iki çərşənbədə  göstərilən tamaşadır. Bu tamaşa belə keçirilirdi: Deməli bir adama ayı dərisindən kürk geyindirilirdi, başqa bir adam isə onun boynuna zəncir salıb tamaşaçıların toplaşdığı meydana aparırdı. Bu oyunun keçirilməsində məqsəd ayının insanların üzərinə atılmaqla guya, onları qorxutmaq istəməsidir. Daha sonra ayı kürkü geyinmiş adam meydanda kimlərisə yamsılayır və insanların alqışını qazanır. Ayının yamsıladığı adamların arasında cütçü mütləq olmalıdır. Cütçünün yamsılanmağında məqsəd ayılan torpağa olan münasibətdir. Bu oyuna oxşar digər oyunlardan biri də dəvəoynatma oyunudur. 

2.6/5 - (47 Səs)

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button