Ümumi

Novruz çərşənbələri 🌺

Hər bir xalqın özünəməxsus adət-ənənələri, qayda-qanunları olur. Azərbaycan xalqı olaraq milli dəyərlərimizə, milli tariximizə v bayramlarımıza xüsusilə önəm verir, onları bü gün də yaşatmağa çalışırıq. Hər kəsin sevərək qeyd etdiyi milli bayramlardan olan Novruz bizə atalarımızdan, babalarımızdna miras qalmış dəyərlərdən biridir. İllər, əsrlər keçsə də, modern zamana ayaq bassaq da, Novruz bayramı ərəfəsində bu milli, qədimi adət-ənənələr hələ də yaşadılır, keçmişdə edilən hər bir inanclara sadiq qalınaraq təkrarlanır.

Novruz bayramının yaranması, tarixi haqqında müxtəlif fikirlər söylənilir. B bayramın keçirilməsinin səbəbi, bayramın tarixi kökləri təbiət hadisələrinə söykənir.

Kəmalə İslamzadə qeyd edir ki; “Bu bayramı  zərdüştlük  dini ilə əlaqələndirənlər də olub, İslam dini ilə bağlıyanlar da. Amma bu bayram hər iki dindən əvvəl mövcud olub və dini təsəvvürlərlə deyil, təbiət və fəsil anlayışları, zaman və əkinçilik vərdişləri, bolluq və firəvanlıq arzusu ilə əlaqəlidir. İnsanlar soyuq qışdan qurtularaq, ruzi, bərəkət, xoş günlər vəd edən yazın gəlişinə sevinmiş, onun şərəfinə oyun, ayin və nəğmələrlə bəzənmiş bayram etmişlər”.

Novruz deyildikə, müxtəlif növ şirniyyatlar, dadlı təamlar, çərşənbələr ağlımıza gəlir. Çərşənbələr Novruzun gəlişindən xəbər verir. Bəs nədir çərşənbə?

Novruz bayramından əvvəl qışın ilk vaxtlarından başlayaraq qırx gün müddətində Böyük Çillə, ondan sonrakı 20 gündə isə Kiçik Çillə davam edir. Xalq təqviminə görə kiçik çillə fevral ayının 19-u öz ömrünü başa vurub, yerini “boz aya” verir. Boz ay kiçik çillənin qurtardığı vaxtdan yazın ilk gününə – martın 21-nə qədər olan dövrü əhatə edir. Xalq arasında boz ay haqqında bir deyim var. “Boz ay bozara-bozara keçər”. 

Novruzun gəlişinin xəbərçisi olan çərşənbələrdə hər həftə bir ünsür oyanır.

İlk çərşənbə sudur. Su çərşənbəsi ilə bayram hazırlıqlarına başlanılır. Deyilənə görə, Allah ilk olaraq suyu yaradıb. Buna görə su ilk çərşənbə kimi qeyd olunur. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti bir daha ifadə olunur. Bütün mifik mətnlərdə su həyat verən, dirildən, xoşbəxtlik gətirən müqəddəs bir inam obyekti kimi çıxış edir. 

Novruzun ikinci çərşənbəsi od çərşənbəsidir. Adətən müşahidələrə əsasən həmin həftədə havalar istiləşməyə başlayır. Od çərşənbəsində od rəmzi istilah daşıyır. O, yandırıb-yaxan, istilik verən məfhum kimi yox, müqəddəs, sayalı, arındırıcı bir varlıq kimi təsvir edilir. “Suyun yumadığını od təmizlər” ifadəsi də buradan götürülüb. Od çərşənbəsində bayram tonqalını həyət darvazasının ağzında qalarlar.  Səbəbi odur ki, həyətə keçən özüylə bərabər ağırlıq, pis niyyəti gətirməsin. Hamısı elə bu alovda yansın, yox olsun.

Novruzun üçüncü çəşənbəsi isə yeldir. Yel çərşənbəsində əsən soyuq və isti küləklər yazın gəlişindən xəbər verir. Gün ərzində küləyin bir neçə dəfə dəyişməsi əslində onun özünün – küləyin – havanın təmizlənməsi, yenilənməsi kimi qəbul edilir. Qədim adətə görə, bu çərşənbədə qəfəsdə saxlanılan quşları və heyvanları azadlığa buraxmaq lazımdır. Yel əslində, sonuncu çərşənbə olmalı imiş Biz bu gün çərşənbələrin sırasını pozmaqla varlığın fəlsəfəsini, mahiyyətini bir qanunauyğunluq kimi rədd edirik. Yel, hava özündən əvvəlki üç varlığın- su, torpaq və odun hərəkətverici qüvvəsidir, o ən sonuncu gəlir və dirilişi tamamlayır.

Novruz çərşənbələrinin sonuncusu Torpaq çərşənbəsidir. Xalq arasında “Yer çərşənbəsi”, “İlaxır çərşənbə” də adlandırılan bu çərşənbə günü yer oyanır, torpaq nəfəs alır, əkinə, toxum səpininə hazır olur. İlaxır çərşənbələrin içində ən möhtəşəmi, böyük təmtəraqla keçiriləni axır çərşənbə axşamıdır. Həmin gün ailəyə səadət, xoşbəxtlik arzulanır. Bütün evlərdə bayram süfrələri açılır, cürbəcür yeməklər, əsasən aş, şirniyyatlar: paxlava, şəkərbura, şəkərçörəyi, şorqoğalı hazırlanır. 

Novruz oyanış, yenilik xəbərçisidir. Xalqımız bu bayramı çox böyük şadyanalıqla, təmtəraqla qeyd edir. Bayram hazırlığı olaraq ilk əvvəl evlər, həyət bacalar təmizlənir. Köhnə əşyalar çıxarılır. Bundan başqa Novruz zamanı, xüsusilə də son çərşənbədə xüsusi inanclar vardır ki, hər bayram bu fallar edilir. Üzük, ayaqqabı falı, qapı pusma kimi bir çox fallar vardır. Adətən bu fallar subay qızlar tərəfindən edilir.

Novruz həm də küsülülərin barışdığı, doğmaların bir yerə toplandığı, xoşbəxt anların yaşandığı bayramdır. Uşaqdan böyüyə hər kəsin sevərək hazırlaşdığı, qeyd etdiyi Novruz bayramı ürəkləri isidir, doğmaları sevindirir. Bu bayramda hər kəs bir yerə toplaşaraq dadlı, ləzzərli bayram təamlarından dadır, oyunlar oynayır, bolluca əylənir. Novruz bayramımız mübarək!

5/5 - (1 Səs)

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button