Sağlamlıq

Usagin danismasi ucun ne etmeli?

Usagin danismasi ucun ne etmeli, hansı üsullardan istifadə etməli olduğunuzu bilmirsinizsə, kifayət qədər məlumata sahib deyilsinizsə, o zaman ekrana yaxın əyləşin. Bu məqaləmizdə anaları ən çox narahat edən şeylərdən biri olan uşaqların gec danışması problemindən, səbəb və effektiv nəticələrdən bəhs edəcəyik.

Son zamanlar uşaqların gec danışması, az söz etiyatına sahib olması, yaxud umumiyyətlə danışmaması kim probləmlər artmışdır. Təbii ki, bu problemlərin yaranmasının səbəbləri vardır.

Əgər uşaq öz həmyaşıdları ilə danışa bilmirsə, yaşına uyğun kifayət qədər söz ehtiyatına sahib deyilsə, bu “nitq pozğunluğu” , “nitq ləngiməsi” olaraq qiymətləndirilir.

Ümumiyyətlə, normal inkişaf edən uşaqlar ilk 6 ayda sait səsləri çıxarmağa başlayır. 1 yaşından sonra sözləri yavaş-yavaş deməyə başlayır. Məsələn “dədə, baba, nənə, ana” və s kimi sözləri artıq söyləyir. 1,5 yaşından başlayaraq isə daha çox söz deyə bilir Artıq 2 yaşında isə sözləri birləşdirə bilir, 2 sözdən ibarət cümlələr qurmağa başlayır. 2-2,5 yaşlı uşaq 400 söz danışa bilir, iki-üç sözdən ibarət cümlələr qurur. 2,5-3 yaşlı uşaq isə 3-5 sözdən ibarət cümlələr qurur, danışdıqlarının 80-90 faizi başa düşülür. 3-4 yaşında demək olar ki, bütün nitqi başa düşə bilirsə, 4-5 yaşlarında isə 6-8 sözdən ibarət cümlələr qurmağı bacarır.

Bəs nitq gecikməsinin səbəbləri nələrdir?

Əgər yuxarıda sadaladığımız kimi körpəniz kifayət qədər söz ehtiyatına sahib deyilsə, haqlı olaraq bir valideyn kimi sizdə narahatlıqlar başlayır. Araşdırmağa, səbəbləri öyrənməyə çalışırsınız. Adətən nitq ləngiməsinin səbəbləri aşağıdakı hallardan biri kimi qiymətləndirilir. Bunlar;

– Əqli gerilik

– Autizm, əqli gerilik xəstəlikləri
– Görmə problemləri
– Tez-tez qıcolmalar və epilepsiya
– Xroniki depressiya

– Eşitmə problemləri
– Televiziyaya və telefona baxmaq

– Uşaqlıq psixozları

– Tək olmaq
– Ailədə dil ləngiməsi (genetik faktorlar)

– Dil bağı, yarıq damaq-dodaq kimi ağız problemləri
– İnkişafda gecikmə
– Erkən doğuş və ya böyümə geriliyi
– İki dildə danışmaq ailədə
– Psixososial stimulların olmaması
– Uşağa danışmağa imkan verilməməsi

– Qısqanclıq

Nə vaxt narahat olmalıyıq?

Əgər aşağıda adaladığımız hallar baş verirsə, narahat ola bilərsiniz.

  • Hər bir körpə 3-6 aylıq olana qədər mənasız səslər çıxara bilər. Bunlara əsasən “körpə qığıltıları” deyilir. Müntəzəm olaraq pediatr qəbulu zamanı onun eşitməsi yoxlanılır.
  • 6-12 aylıq körpə “ata baba”, “mama ma ma” kimi mənalı səslər çıxarmağa başlamalıdır.
  • 12 aylıq körpə “bəli”, “yox” kimi əmrləri başa düşməli və adı ilə çağırılanda cavab verməlidir.
  • 12-16 ay arasında “ana”, “baba” “ata” “nənə” kimi mənalı sözləri deməli, həmin şəxsləri tanımalıdır.
  • 24 ayda onun 5-10 sözdən ibarət lüğət ehtiyatı olmalıdır. Sözlər artıq başa düşülən şəkildə deyilməlidir.
  • 24-36 ay arası “bu nədir?”, “haradadır?” kimi suallara başa düşməli, əşyalarını soruşduqda yerlərini deməyi bacarmalıdır.
  • 24-36 ay arasında 2-3 sözlü cümlə qurmağı bacarmalıdırlar.
  • 36 aydan sonra işlədilən sözlər başa düşülən olmalıdır.
  • 4-5 yaşında sadə bir hadisəni danışmağı bacarmalıdır.
  • 7 yaşlı uşağın mürəkkəb hadisəni asanlıqla izah etməlidir.

Uşaqların danışması üçün nə etməli?

Bəzən valideynlər iş çoxluğu səbəbindən, ikinci uşaq olduqda hər iki uşağa eyni cür zaman ayıra bilmədikdə və bəzi səbəblərdən övladı ilə zaman keçirə bilmirlər. Uşaq televizor, telefon kimi əşyalardan istifadə etməli olur. Bu valideynlərin etdiyi ən böyük səhvlərdən biridir. Çünki uşaq cizgi filmləri izlədikdə onlardan informasiyanı birtərəfli alır. Belə olduqda artıq onlar yalnız qəbul etməyi öyrənir, verməyi deyil. Fikir versək görərik ki, daimi olaraq telefon və televizor izləyən uşaqlarda diqqət yayınması, istədikləri hər şeyi işarələrlə, jestlərlə başa salmaq xüsusiyyətləri, tələskənlik, səbirsizlik və hətta əsəbilik halları müşahidə olunur. Bundan əlavə onların gözləri qızarır, sulanır. Yuxu rejimləri normal olmur, iştahsızlıq kimi problemlər yaşayır. Daimi olaraq cizgi filmlərlə yedizdirilən uşaqlar zamanla yemək yeməyi sevmir, çətinliklə yedizdirilirlər. Bu sadaladıqlarımız bir çox ananın təcrübəsindən yararlanaraq sizlərə təqdim etdiyimiz məlumatlardır.

Sizlər mümkün qədər uşaqları telefon və televizordan uzaq tutmalı, öz həmyaşıdları ilə hətta özündən böyük uşaqlarla oynamaqlarına, zaman keçirməklərinə icazə verməli, onunla oyun oynamalı, müxtəlif inkişaf etdirici oyuncaqlardan istifadə edərək onların danışmasına kömək etməlisiniz. Onlara çoxlu suallar verməli, cavabları təkrarlamalı, danışıq zamanı gözlərinin içinə baxmalı və onun da sizinlə göz kontaktı qurmasına çalışmalısınız.

Gec danışan uşaqlar üçün müxtəlif psixloji mərkəzlər fəaliyyət göstərir. Burada loqapedlər, psixloqlar, psixo-pedaqoqlar və digər peşəkarlar fəaliyyət göstərir. Uşaq ilk əvvəl nevroloq qəbulunda olur, daha sonra qoyulan diaqnoza əsasən digər mütəxəssisə yönləndirilir. Müalicə ərəfəsində uşaqlara bəzən B qrup vitaminlər və Omega3 kimi tanıdığımız balıq yağları tövsiyyə oluna bilər. Bu vitaminlər uşağın beyin inkişafına kömək edir.

Körpələrə danışmağı öyrətməyin asan yolları

Körpələr daim valideynlərindən qayğı və diqqət görməyə can atırlar. Onlar ana və atalarını gördükdə gülüb-oynayır, müxtəlif əl hərəkətləri ilə onları anladıqlarını bildirməyə çalışırlar. Yaş artdıqca isə bu ünsiyyət forması daha da təkmilləşir. Körpənizin asanlıqla danışmağı öyrənməsini istəyirsinizsə, aşağıdakı təkliflərimizi oxumağınızı tövsiyyə edirik.

• Körpənizlə danışın: Araşdırmalar göstərir ki, körpənizlə nə qədər çox danışsanız, körpənin söz ehtiyatı bir o qədər inkişaf edəcək. Siz düşünməyin ki, onlar anlamır, balacadır. Obyektlərin adını söyləmək və adını verdiyiniz obyektə işarə etmək körpə üçün inkişaf edən bir üsuldur.

• Körpə ilə ünsiyyətinizdə adlardan istifadə etməyə çalışın: Məsələn, körpə topa işarə etdikdə, “o” demək əvəzinə “top” sözünü işlədin. Əşyaların tam adını deyin. Yemək yemək istəyirsən əvəzinə “appa” istəyirsən kimi sözlərdən istifadə etməyin.

• Deyərkən sözləri aydın şəkildə tələffüz edin: Bu nə deməkdir? Bəzən sürətli danışanda bəzi səsləri udaraq danışırıq. Körpə ilə daha yavaş danışmağa cəhd edin.

• Mütəxəssislər deyirlər ki, musiqi ilə dil arasında güclü əlaqə var. Ancaq bu, təkcə dinləmək deyil. Analar artıq instinktiv olaraq körpələri ilə musiqili tonda danışırlar. Səssiniz gözəldir ya pisdir kimi mənfilikləri unudun. Körpənizə çoxlu mahnılar oxuyun. Çalışın o da sizinlə oxusun.

• Televizoru söndürün: Körpə, yəni 3 yaşından kiçik bütün uşaqlar üçün, hətta maarifləndirici proqramlar canlı ünsiyyəti əvəz edə bilməz.

• Təqlid etməyi təşviq edin: Körpələr eşitdikləri səsləri təqlid edərək danışmağı öyrənirlər. Məsələn, siz mətbəxdəsiniz və körpəniz üçün alma püresi hazırlayırsınız. “İndi sənin üçün alma püresi hazırlayıram” deyərək nə etdiyinizi izah edin. Sonra bu “almaya” baxın və almanı göstərin. Onların gözlərinə baxın və eyni sözü bir neçə dəfə təkrarlayın. Sonra körpəniz yeməyə başlayanda onun adını çəkərək alma yeyir kimi ifadələri təkrarlayın.

Körpənin dil bacarıqlarını inkişaf etdirmək üçün
oyunlar və məşqlər

• Barmaq kuklaları ilə oynayın: Barmaqlarınıza taxdığınız kuklaları danışdırın. Təsəvvürünüzə uyğun kuklalar oynayın və sadə və aydın dildə (sözləri udmadan) hekayələr uydurun. Bu zaman körpənin diqqəti sizdə olacaq, zamanla isə nə dediyinizi və danışdığınız hekayəni anlayacaq.

• Kitab oxuyun: Körpənin sizi anlamadığını əsla düşünməyin. Onun xəyallar dünyasının və lüğətin necə genişlənəcəyinə inanmayacaqsınız.

• Bədən hissələrini göstərmə oyununu oynayın: Hətta manhı ilə körpəyə orqanların adını söyləyib və yerlərini göstərə bilərsiniz.

• Ona mahnı oxuyun: Oxumaq körpəni stimullaşdırmaq üçün təsirli bir üsuldur. Körpənin səsinizi necə tez təqlid etdiyini eşidəndə qulaqlarınıza inanmayacaqsınız.

• Birlikdə bişirin: Yemək hazırlayarkən körpənizi də yanınızda saxlayın. Etdiyiniz hər şeyi ona deyin. “Mən yerkökü təmizləyirəm. Pomidorları kəsdim. Şorbaya yağ qoyuram və s.” 

• Körpənin yaşıdları ilə müntəzəm görüşməsini təmin edin: İnsan sosial varlıqdır. örpəni mütəmadi olaraq həmyaşıdları ilə bir araya gətirmək onun sosial, emosional cəhətdən inkişafına bir çox cəhətdən kömək edir.

• Körpənin sözləri çıxarmağa çalışmasına dəstək verin: Məsələn, o, “ata” deyəndə, “ata”nı təkrarlayın. Beləliklə, qarşılıqlı əlaqə yaranır və körpə dəstək hiss edir. Körpə bir şey deyəndə, onu bir addım da irəli aparmağa çalışır. Məsələn, körpə “maşın” dedi. “Bəli, böyük qırmızı maşın” deyə bilərsiniz.

Maraqlı metodlarla uşaq danışdırmaq

  1. Öyrədici kartlardan istifadə edərək uşaqlarınıza meyvələri, tərəvəzləri, heyvanları, bədən üzvlərini, hərfləri, rəqəmləri və digər əşyaları öyrədə bilərsiniz. Bu zaman uşağınızla göz kontaktı qurun, siz sözləri dediyiniz zaman sizin ağız hərəkətlərinizi izləməyinə, diqqətinin tam sizdə olmasına çalışın.
  • Heyvan fiqurları sayəsində uşağınızın hər bir heyvanı tanımasına kömək edə bilərsiniz. Bu zaman həmin heyvanların səslərini çıxara, onlara məxsus hərəkətləri yamsılaya bilərsiniz.
  • Maqnit oyuncaqlar alaraq onların əşyaları tanımasına kömək edə bilərsiniz. Həmçinin siz oyun kartları və maqnit oyuncaqları göstərərək eyniləşdirmə etməsini istəyərək uşaqda zehni inkişafın artmasına çalışmalısınız. Bunu oyun kartları və heyvan fiqurları ilə edə bilərsiniz.
  • Oyun xəmiri, kinetik qum vasitəsilə uşağın matorikasını inkişaf etdirə bilərsiniz. Siz bu oyunlar vasitəsilə uşaqla zaman keçirdiyiniz zaman çoxlu danışa, müxtəlif heyvan və ya meyvələr hazırlayaraq əyləncəli və səmərəli zaman keçirə bilərsiniz.
  • Bundan əlavə fərqli inkişaf etdirici oyuncaqlar satın alaraq bir neçə oyunu bir oyuncaq üzərində oynamasına, zehni inkişafının daha sürətli artmasına kömək edə bilərsiniz.

Körpələrdə normal nitq və dil inkişafını ən sadə şəkildə belə izah edə bilərik.

  • 2 yaşlı körpənin nitqinin 50 faizi başa düşülməlidir.
  • 3 yaşlı uşağın nitqinin 75 faizi,
  • 4 yaşlı uşağın nitqinin 100 faizi təkcə ailəsi tərəfindən deyil, eyni zamanda yaxın dostları, həm də tez-tez görmədiyi insanlar tərəfindən tam şəkildə başa düşülməlidir.

Uşağınız bu məqalələrdə yazılanlara cavab verməyə bilər. Həmişə dediyimiz kimi, hər bir uşağın inkişaf prosesi fərqlidir. Amma siz hər ehtimalı düşünərək mütəxəssis qəbulunda ola, uşağınızı müayinə etdirə bilərsiniz. Tibbi müayinədən keçmək və güvəndiyiniz bir həkimlə körpənizin inkişaf mərhələlərini izləmək potensial problemə qarşı erkən davranmağınıza kömək edəcəkdir.

3.9/5 - (15 Səs)

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yoxla
Close
Back to top button