Ümumi

Novruz bayramina aid seirler 🌷

Novruz bayramina aid seirler el şənliklərində söylənilərmiş. Bu gün isə bağçalarda, məktəblərdə, universitetlərdə, şəhər və rayonlarda Novruz bayramı təm-təraqlı şəkildə qeyd olunur. Bayram şənliyində Novruza aid şeirlər, mahnılar, bayatılar söylənir, aşıqlar saz çalıb söz deyir, milli rəqslər edilir, insanlar əylənir. Analar.az komandası olaraq ən çox söylənilən Novruz bayramina aid seirler toplusunu təqdim edirik.

Müəllif: Hüseyn Cavid

Novruz Bayramı

İştə novruz! Yetişdi fəsli-bahar.
Gəldi işrət zamanı, qardaşlar!
Nə gözəl bayram… Ah, nə xoş fürsət!
Sayılır əhli-zövqə bir nemət!..
Böylə şad gün düşərmi bir də ələ?
Keçirin beş gün ömrü ləzzət ilə.

Yalınız hanki evdə yas varsa,
Bir onun borcudur ki, tutsun əza.
Birinin ölsə qardaşı naçar,
Qara bayram tutar… Bir adət var.
Hər kimin yoxsa böylə bir üzri,
Eyşü nuş eyləsin o… yox zərəri.
Gərçi “əlmömünün üxüvvə” demiş
Əmri-peyğəmbəri hekayə imiş.
Cümlə qardaş, — deyir Rəsuli-xuda,
Hanki islamədir bu söz əcəba?

Bəlkə bir başqa xəlqədir bu xitab?
Nəyə lazım, canım, sıxıntı, əzab.
Bütün İranda, cümlə Balkanda,
Çırpınır qardaşın qızıl qanda!
İştə bir qətlgahə dönmüş yer!
Məhv olan yüz deyil ki! Yüz mindir.
Ana! Həmşirə! Ey nişanlı gəlin!
Siz də əsla sıxılmayın, sevinin.
Əzilib məhv olursa ailələr,
Sizə aid deyil bu qəmli xəbər.
Getsə iffət, kəsilsə əmcəklər,
Sevinin!.. İstəməz düşüncə, kədər.

Bütün aləm dağılsa, od tutsa,
Bizə lazımdır imdi zövqü səfa.
Bir müsəlman ki, onda qeyrət var.
Sevinir, kef edər, çalar, oynar.

Sevinin! Zurna, toy çalın, sevinin,
Nə gözəl bayram! Of, gülün, sevinin!
Dinə, namusa küsdünüzsə, gülün!
Sevinin, həp gülün!.. Nə nəşəli gün?!

_________________________________________________________________________________

Novruz bayramı şeiri

Gəlib Novruz bayramı,
Yandırmışıq biz şamı.
Tonqallar alışıbdır,
Sevincimiz daşıbdır.

Fərəhlənir uşaqlar,
Papaq atır qoçaqlar.
Hər evdə aş dəm alır,
Şənlik göyə ucalır.

Göyərib səmənilər,
Payla dolub sinilər,
Gəlib Novruz bayramı,
Sevinir, gülür hamı.

S.Fətəliyeva.

__________________________________________________________________________________________

Müəllif: Yusif Dirili

Bayramların Sultanı

Novruz gəlir yurduma
Hər tərəf gül-çiçəkdir.
Az sonra keçəl, kosa
Meydana gələcəkdir.

Hər tərəf işıq saçdı,
Novruz gəldi, sevindik.
Kədər bizdən gen qaçdı,
Şadyanlığa büründük.

Şəkərbura, paxlava,
Şorqoğalı yeməli.
Bayramların sultanı,
Ancaq sənə deməli.

Qoz-fındığın, qovurğan
Ağzı dada gətirir.
Üzərriyin, yovşanın
Qada-bala götürür.

Tonqal çatıb uşaqlar,
Atlanırlar üstündən.
Qorxu yoxdu alovdan,
Göz çıxardan tüstüdən.

“Bənövşə bəndə düşə”
-Bir oyundu məzəli.
Uşaqların sevdiyi,
“Yenə gəldi ənzəli”

Çərşənbələr ard-arda
Mənalıdır hər biri.
Bərəkət simvolusan,
Neçə min ildən bəri.

____________________________________________________________________________________________

| Abdulla Şaiq.

Səməni şeiri

Ey səməni, saxla məni
Hər il göyərdərəm səni.
Ayaq basdın ölkəmizə,
Bol-bol şənlik gətir bizə.

Çatır-çatır yansın ocaq,
Şadlıq etsin oğul-uşaq.
Sünbül saçlı tarla, əkin
Parıldasın qızıl təkin.

Bağlar bəzək vursun yenə,
Quşlar məclis qursun yenə.
Budaqlarda axşam, səhər,
Şəfəq saçsın şux meyvələr.
Sevincimiz başdan aşsın,
Bahar, günəş qucaqlaşsın.

_____________________________________________________________________________________

Şirin xanım Şadiman

Yansın bayram şamları


Yansın bayram şamları,
Gəlsin el adamları
Şö’lələnsin kamları,
Ürəklərdə nur olsun,
Novruzumuz gur olsun.
Tonqalları çatılsın,
Üstündən el atılsın,
Hər ev bura qatılsın,
Sinədə qürur olsun,
Novruzumuz gur olsun.
Qoy yığışıb qış getsin,
Novruz ruhu xoş etsin,
Süfrə açan nuş etsin,
İşimiz uğur olsun,
Novruzumuz gur olsun.
Paxlava, şəkərbura,
Pilovun üstə qara,
Xəbər ver dosta, yara,
Bayram elə cur olsun,
Novruzumuz gur olsun.
Səməni qalaq-qalaq,
Alaq süfrəyə salaq,
Biz canbirqəlbdə olaq,
Söz ağızda dür olsun,
Novruzumuz gur olsun.
Vətənin gözü gülsün,
Gecə-gündüzü gülsün,
Millətin üzü gülsün,
Evdə yur-yuğur olsun,
Novruzumuz gur olsun.
Bu yazın leysanları,
Torpağın ehsanları,
Ay Vətən insanları,
Sübhdən durhadur olsun,
Novruzumuz gur olsun.
Bir kimsə qəm görməsin,
Qəmlə süfrə sərməsin,
Ah qolunu gərməsin,
Qışla vurhavur olsun,
Novruzumuz gur olsun.

____________________________________________________________________________________

Bahar-Novruz bayramı


Üçbucaq düzəldir göydə durnalar,
Bir tuğyan qoparır qara zurnalar,
Quşlar cəh-cəhilə gətirir bahar,
Gəlir bər -bəzəkli bayramlar yenə.

Gəlir evdən-evə Novruz sovqatı,
Bu gün maviləşir göylərin qatı,
Qovuşur xoş günə insan ovqatı,
Tonqallar çatılır axşamlar yenə.

Çəkilir uzağa şaxtalı qorxu,
Bahar qaranquşu gətirir sorğu,
Hələ yuxudadır ağaclar çoxu,
Əvvəl çiçək açır badamlar yenə.

Öpür hər tərəfi bahar nəfəsi,
Qapıda,bacada quşların səsi,
Açılır dostların bayram süfrəsi,
Yanır xonçalarda ağ şamlar yenə.

Boranı, soyuğu almır eyninə,
Geyir ağ paltarı bağlar əyninə,
Bir yenilik gəlir insan beyninə,
Saflaşır, nurlaşır məramlar yenə.

_____________________________________________________________________________________________________

| Yusif Dirili

 NOVRUZ, GƏL

Süfrədə düzüm-düzüm:
Ləb-ləbi, xurma, üzüm.
Plovda qalıb gözüm,
Novruz, gəl ha, Novruz , gəl.

Sənsən parlayan ulduz
Keçəl, kosa, bahar qız.
Qoyma gəl bizi yalqız,
Novruz, gəl ha, Novruz, gəl.

Könül evi viran var
Bəxtindən nigaran var
Aralıqda hicran var,
Novruz, gəl ha, Novruz, gəl.

Xoş niyyətin dolaşsın
Küsülülər barışsın
Bərəkət açıb-daşsın
Novruz, gəl ha, Novruz, gəl.

Göyərtmişəm səməni
Gözləyirəm il səni.
Tez gəl, sevindir məni,
Novruz, gəl ha, Novruz, gəl.

Burda dağlar baş-başa
Bağ-bağçalar tamaşa
Əlvida dedik qışa,
Novruz, gəl ha, Novruz, gəl.

_________________________________________________________________________________________________

| Mina Rəşid

Novruz Bayramı seiri


Novruz bayramı…
uşaqlıq illəri
Paxlava, şəkərbura naxışları kimi,
Sevimli günlər, şirin gülüşlər…

Novruz bayramı
Yamyaşıl bir zəmi, başımızda çələng
Ağ libaslı ağaclar bir mələk…

Novruz bayramı
Atamın zümzüməsi,
Anamın qonşuya pay göndərməsi
Böyük bir tonqal
Ağırlığım-uğurluğum harda qaldı?

______________________________________________________________________________________________________

| Fikrət Qoca

Bayram Axşamlarında

Yollar əlvan boyanar,
Evlərdə arzu yanar,
Gözlərə sevinc qonar,
Bayram axşamlarında…

Nəğmə olur dalğalar,
Qış dönüb olar bahar.
Göydən məhəbbət yağar,
Bayram axşamlarında…

Hər tərəf işıq olur,
Başqa yaşıllıq olur.
Göy yerə aşıq olur
Bayram Axşamlarında….

__________________________________________________________________________

3.5/5 - (47 Səs)

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button