Ümumi

Novruz hakıştaları

Novruz hakıştaları bayram ərəfəsində söylənilir. Əsasən toylarda və digər el şənliklərində gənclər və uşaqlar arasında geniş yayılmış oyun növü olan haxıştalar çoxdur.

Novruz bayramında da haxışta oyunu oynamaq adətdir. Novruz bayramında oğlan və qızlar təzə paltar geyib çalıb oynayır, yallı gedirlər, “haxışta”, “bənövşə”, “kos-kosa” oynayır, gənc qızlar fal baxırlar.

Bu söz “Ha xışla” ifadəsindən götürülmüşdür. Milli rəqs çox coşqun, şən, əsasən yüngül hoppanmalar xarakterində ifa olunur. Haxışta söyləniləndə üzbəüz dəstələr şəklində dayanırlar. Aradakı məsafə 5-6 metr olur. Dəstənin ortasında solist qız dayanır. Onu rəqsə dəvət edirlər. Qız bu hərəkətləri edərkən mətni oxuyur. Qalan qızlar isə həmin sətirdən sonra uca səslə “Haxışta” deyirək əllərini bir-birində vururlar. Rəqsin musiqisi olmadığına görə ifaçı mətni “Meyxanada” olduğu kimi söyləyir. Rəqsi zərb alətləri (nağara, qoşanağara, dümbək) ilə müşayiət etmək olar.

Ordan axan arxdımı?
Üzündə duvaxdımı?
Novruz gəlib yetişdi,
Ayrı duran vaxtdımı?!


Men aşiqəm ayazdı,
Qış dərdlidi, nasazdı,
Onu bu dərdə salan
Qarşıdan gələn yazdı.


Mən aşiq ahar oldu,
Səhər yox, nahar oldu,
Qışın əhdini kəsən
Çiçəkli bahar oldu.


Bu şeirdi, qəzəldi;
Solub düşən xəzəldi.
Çərşənbelerin ilki
Yalançıdı, Əldi.


Əzizim, bülbüləm mən,
Boy atmış sünbüləm mən,
Çərşənbələr içində
Üçüncüyəm, Güləm mən.

Sürü deyil, naxırdı,
Qazan dibi paxırdı.
Sonuncu çərşənbənin,
Öz adı İlaxırdı.

Günəş nurun saçıbdı,
Soyuq qorxub qaçıbdı.
Məşələrdə, bağlarda
Novruzgülü açıbdı.


Dəyirmanda dən oldu,
Kef-damağı şən oldu,
Novruz bayramı gəldi,
Gece-gündüz tən oldu.

Mən aşiq xoşa gəldi,
Oxudu coşa gəldi.
Sevimli bahar fəsli
Novruzla qoşa gəldi.


İp yumağın səridi,
Təri zehmet təridi,
Havaya isti gəldi,
Suyun buzu əridi.

Səsləndi xoruz banı,
Açıldı sübhün danı,
İlin yaz fəsli gəldi,
Qızdı torpağın canı.


Gün adı Qodu oldu,
Bir adı Dodu oldu,
Novruzda çərşənbənin
Tonqalı, odu oldu.


Beldən açdım qəməni,
Suladım bağ-çəməni,
Novruzun nişanəsi
Səmənidi, səməni.


Mən aşiqəm alışar,
Zəhmət çəkər, çalışar.
Novruz günü gələndə
Küsülülər barışar.


Mən aşiqəm deyərlər,
Badam, püstə yeyərlər,
Novruz günü adamlar
Təzə paltar geyərlər.


Mən aşiqəm üzülər,
Qara gözlər süzülər,
Novruzun süfrəsinə
Yeddi nemət düzülər.


Atı çapdım cilovla,
Balıq tutdum tilovla,
Açdım Novruz süfrəsin,
Bayram keçdi plovla.


Uca dağın qaşı var,
Ətəyində daşı var.
Novruzun süfrəsində
Zəfəranlı aşı var.


Mən aşiqəm oyular,
Həm doğranar, soyular.
Novruzun süfrəsinə
Mütləq balıq qoyular.

4.3/5 - (127 Səs)

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button