Su çərşənbəsi haqqında💧
Su çərşənbəsi Novruzun ilk çərşənbəsidir. Qədim türk düşüncəsində isə su hər şeyin başlanğıcı hesab olunub. Artıq bu gündən təbiət oyanmağa başlayır. Qədimdə bu çərşənbəni müxtəlif cür adlarla adlandırırlar. Kimisi “Əzəl çərşənbə”, kimisi “Sular Novruzu deyərdi. Su çərşənbəsində müxtəlif cür təmizlik işləri görülərdi. İnsanlar həmin gün sübh tezdən axar suyun üstünə gedir, üstündən atılır. Bu o deməkdir ki, insanlar yeni suyu qarşılayır, xəstəliklərdən azad olacaqlarına, dərd bəlalarının bu su ilə gedəcəklərinə inanırlar.
İlk çərşənbə ərəfəsində hamı ev-eşiyini sahmana salar, evlərin solğun divarları rənglənərdi. Torpaqdan daha yaxşı qidalansınlar deyə, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənər, artıq budaqları və zoğları kəsib onları cavanlaşdırardılar. Təbii ki, bu adətlərə indi də əməl olunur. Həyət evlərində yaşayanlar, kəndlərimizdə çərşəbələri qeyd edənlər bu gün də bunlara əməl edirlər.
Ümumiyyətlə, saflıq, təmizlik rəmzi olan su həmişə müqəddəs hesab edilib. Su çərşənbəsi axşamı süfrəyə təmiz su qoymaq lazımdır. Hamı həmin sudan içməlidir.
Yalnız su çərşənbəsində işlənən belə bir deyimlər var:
- “Suyun qapısı bu gün açıq olar. “Məni yu” deməsən də, səni yuyacaq”;
- “Su açıqdı, sən də açıq ol. Qapanıb basaratını bağlama”;
- “Suyu çıxacaqdan axıt, odu girəcəkdən qala”.
Su çərşənbəsi ilə bağlı unudulmuş inanclar
Deyilənə görə qədimdə hər bir çərşənbədə edilməsi lazım olan xüsusi inanclar vardır. Hər nə qədər qədim adət-ənənələrimizi qoruyub bugünümüzə qədər gətirib çıxaraq da, bəzi adətlərimizi unutmuş ola bilirik. Çünki dövrün tələbləri o qədər dəyişir, zaman o qədər sürətli gedir, hər şey sürətli inkişaf edir ki, b millətlərin milli dəyərlərinə də təsir göstərir. Qədim ata babalarımız qədim zamanlarda Su çərşənbəsi ərəfəsində bunları edərdilər:
- Su çərşənbəsində evin damına buğda atırlar ki, bərəkət artıq olsun;
- Un çuvalının ağzını açıq qoyurlar ki, bərəkət paylananda bağlı qalmasın;
- Axar suyun qabağını kəsmək olmaz. Kəssən, sənə xətər toxunar. Bu da qədim azərbaycanlı atamızın suyu müqəddəs görməsinə dəlalət edir;
- Çərşənbə tonqalı yanıb qurtarandan sonra onun dövrəsinə üç cızıq çəkərlər. Deyirmişlər ki, əgər belə etməsən, sənə xətər toxuna bilər. Evin də bərəkəti dağılar. Bu da qədim babamızın torpaq və suya olduğu kimi, oda da müqəddəs baxmasına bir işarədir;
- Bayram axşamı baltanı götürüb bir-bir ağacların kötüyünə vurarlar. “Hə, yatmısan, oyan, bərəkət payını götür deyərlər”;
- Əvvəllər su üstündən atılma adəti də olub. Təbii ki, axar, saf su nəzərdə tutulur. Üç dəfə atılandan sonra həmin axar suyun uzaq yerində bir saxsı qab sındırıb “Nə dərd-bəlamız varsa, bu saxsıynan getsin” deyərdilər.
Ulu nənə-babalarımız arzu və niyyətlərini, dərdlərini suya söyləmiş, su ilə fala baxmışlar. Səfərə çıxanın, uzaq-uzaq ellərə yol alanın ardınca-arxasınca su atırlar ki, Allah köməyi olsun. “Yolu aydın, uğurlu olsun, salamat qayıdasan səfərdən”, – deyirlər. Təbii ki, bu gün də bu adətlərimizi yerinə yetirən çox sayda insan vardır.
Su çərşənbəniz mübarək! Süfrəniz daim bol-bərəkətli, üzünüz təbəssümlü olsun!