Ümumi

Torpaq çərşənbəsi haqqında 🌱

Torpaq çərşənbəsi sonuncu, ilaxır çərşənbədir. Bu çərşənbə digərlərindən daha böyük, təm-təraqlı şəkildə qeyd olunur. Əslində Torpaq çərşənbəsi ikinci çərşənbə olmalı idi. Bu çərşənbədə havaların isinməsi, yazın əlaməti olan bəzi çiçəklərin açması baş verir ki, bu Novruzun xəbəri kimi başa düşülür. Od çərşənbəsindən başlayaraq artıq çay, bulaq kənarlarında yarpız görünməyə başlayır. Həyət-bacada əsaslı işlərə başlanılır. Bağ-bağata əl gəzdirilir, səliqə-sahman yaradılır. Ağacların qol-budağı budanır, artıq nə varsa yandırılır, ağacların dibi bellənir. Torpaq çərşənbəsində hər kəs yeni geyimlər geyinir. Novruz şirniyyatları hazırlanaraq süfrələr bəzədilir. İlaxır çərşənbədə tonqal qalanır və hər kəs ətrafına toplanır. Hamı 7 dəfə – ya 1 tonqalın üstündən 7 dəfə və yaxud da 7 tonqalın hərəsinin üstündən 1 dəfə tullanmalıdır. Tonqalın üzərindən tullanarkən bu sözlər deyilməlidir: “Ağırlığım, uğurluğum bu odda yansın!”.

Tonqal su ilə söndürülməməlidir. Tonqal özü sönəndən sonra isə cavan qız və oğlanlar tonqalın külünü yığıb, evdən kənar yerə atırlar. İnanca görə, bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır.

Torpaq çərşənbəsində bayram süfrəsi açılır, şirniyyat bişirilir, məcməyi və sinilərdə xonça hazırlanır. Bayram xonçasının ortasına səməni qoyulur, ətrafı isə boyanmış yumurta, qoz, fındıq, badam və şirniyyatlarla bəzədilir. Deyilənə görə, ilin axır çərşənbə gecəsini hamı öz evində qeyd etməlidir. Əks halda Novruzu yeddi il dalbadal başqa yerdə qarşılaya bilərsən. İlaxır çərşənbə axşamı qulaq falları qurulur. Subaylar qonşu evlərin qapısının arxasında gizlənərək ilk eşitdikləri sözə uyğun təzə ildə onları gözləyən hadisələri öncədən bilməyə çalışırlar. Bu səbəbdən də, axır çərşənbə axşamı ancaq yaxşı sözlər danışılması adət hesab olunur.

Azərbaycanda Torpaq çərşənbəsi

Azərbaycanda Torpaq çərşənbəsi təm-təraqlı şəkildə qeyd olunur. İlaxır çərşənbədə dövlət səviyyəsində konsertlər, el şənlikləri təşkil olunur. Bütün şəhər və rayonlarda mərkəz yerlərdə meydan qurulur. Meydana çoxlu insanlar toplaşaraq şənliyin başlamasını gözləyirlər. Meydanda böyük tonqal qalanır. Masalar yerləşdirilir və xalçalar yerə döşənir. İçərisində şəkərbura, paxlava, badambura, qoz, fındıq, bəzəkli yumurtalar və səməni olan xonçalar masa və xalçaların üzərini bəzəyir. Digər Azərbaycan milli-mədəniyyətinə aid bütün əşyaları bu bayram ərəfəsində görmək mümkündür. El şənliyində Dədə Qorqud, Bahar qız, aşıqlar, Keçəl və Kosa, pəhləvanlar, milli geyimdə rəqqas oğlan və qızlar olur. Milli musiqilər oxunur, milli rəqslər oynanılır. Dədə Qorqud insanlara bütün il boyu bərəkətli, ruzuli günlər arzulayır. Pəhləvanlar güləşir, ip üstündə gəzənlər insanları heyrətləndirir. Qədimlərdə bu çərşənbə axşamı cavanlar at çapıb, qılınc oynadarmış. Tədbirə dövlət adamları gələr və insanları bayram münasibətiylə təbrik edər.

Torpaq çərşənbəsi falları və adətləri

Torpaq çərşənbəsi sonuncu çərşənbə olduğundan bütün inancların bu gün edilməsinə xüsusi diqqət olunur. Novruzun gəlişinin xəbərçisi olan ilaxır çərşənbə falları iə də çox məşhurdur.

Üzük falı💍

Üzük falı Novruzun ən məşhur fallarından biridir. Cavan və subay qızlar çərşənbə axşamı bir yerə toplanır. Nişanlı bir qızın üzüyü götürülür və bir kasada su. Sonra üzüyə subay qızlardan birinin saçı taxılaraq kasadakı suya batırılıb çıxarılır. Üzük tərpənməyə başlayır. O zaman qızlar üzük tərpəndikcə saymağa başlayırlar. Üzük hər dəfə kasanın kənarına dəydikcə səs çıxarır. Nə zaman ki, səs kəsilir, üzük dayanır, deməli o qız həmin yaşda ərə gedəcək.

Duzlu kökə🍪

Belə bir inanc var ki, ilaxır çərşənbədə subay qızların adına duzlu kökə bişirilir. Həmin axşam subay qız kökəni yeyir, amma su içmir. Yuxuda o adaxlısını görür. Adaxlısı olacaq gənc oğlan yuxuda qıza su verir.

Qapı pusma👂

Qapı pusma da Novruzun məşhur adətlərindəndir. Hər il demək olar ki, çox insan bu falı sınayır. İlaxır çərşənbədə hava qaranlandan sonra qonşuların qapıları gizlincə dinlənilir. Belə ki, niyyət tutulur və qulaq qapıya yaxınlaşdırılır. Əgər evdəkilər yaxşı birşey deyirlərsə, o zaman niyyət yerinə yetəcəyinə inanılır.

Alma falı🍎

Axır çərşənbədə alma yeyirlər, gecə isə həmin almanın toxumlarını sayırlar. On ədəd toxum dənəsi yastığın altına qoyulur. Yuxuda qismətini görəcəyinə inanılır.

Başmaq falı👞

Başmaq falı bu gün də gənc qızlar tərəfindən edilir. Torpaq çərşənbəsində çərşənbə axşamı subay qız ayağının sağ başmağını götürüb qapı ağzında başının üstündən atır. Başmağın pəncə hissəsi üz üstə qapıya tərəf düşsə, həmin qızın bu il nişanlanacağına inanılır.

Yumurta və karandaşlar🥚✏️✏️

İlaxır çərşənbə günü arzu tutularaq ağacın altına bir yumurta, iki qara və qırmızı karandaş qoyulur. Səhər həmin yumurtanın üstündə xətt olur. Əgər qırmızı karandaşla xətt çəkilibsə, arzu yerinə yetəcək deməkdir.

Papaq atma🧢

Papaq atma uşaqlar və yeniyetmələr tərəfindən ən çox sevilən adətlərdən biridir. Keçmiş zamanlarda isə gənc oğlanlar da papaq atırdı. Belə bir deyim var ki; “atılan papaq boş geri qaytarılmaz”. Ona görə də papaöa şirniyyatlar, konfetlər və s. şeylər qoyularaq geri qaytarılardı. Bu adət gizli şəkildə yerinə yetirilərdi. Papaq atanın kimliyini ev sahibi görməzdi.

Çalışın ki, Torpaq çərşənbəsi gecəsi evinizdən yalnız gülüş səsləri gəlsin, xoş sözlər danışılsın. Axı sizin də qapınız pusula bilər. Hər kəsin İlaxır çərşənbəsini təbrik edirik. Süfrəniz bərəkətli, qəlbləriniz təmiz, üzünüzdə təbəssüm olsun! Novruz bayramınız mübarək olsun!

2.3/5 - (63 Səs)

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button