8 mart seirleri usaqlar ucun
8 mart seirleri usaqlar ucun saytımızda təqdim olunur. Analar.az komandası olaraq bağça və məktəblərdə 8 mart ilə bağlı keçirilən tədbirlərdə uşaqların söyləyə biləcək şeirləri bir yerə topladıq. Əzizi balacalar ekrana yaxın əyləşin.
8 martdır Anacan!
“8 martdır anacan!
Qoy öpüm üz-gözündən,
Daha uşaq deyiləm,
İndi böyük qızam mən!”
Xatırladınmı ana?
Söyləyərdim bu şeiri hər bayramda qarşında!..
İndi o məktəbli qız,
O bəxtəvər, qayğısız qızın çatıb yaşına
Amma heç böyüməyib…
Uşaqkən danışdığın xoşbəxtlik nağılları,
O göyçək Fatmaları hələ də örnək alır
bu çağda, bu yaşında,
Axı ana, ay ana!
Sən niyə öyrətmədin öz sadəlövh qızına?!
Bu həyat masal deyil,
Onun ağrılarına dözüb ayaqda qalmaq
çətindir, asan deyil…
8 martdır anacan…
Nədəndisə, bu bayram keçmişi vərəqlədir,
İlləri dilləndirir.
Xatirələr anbaan dillənir göz önündə
Qələm də acizləşir boğazacan yığılmış,
Deyilməyə can atan yaralı söz söz önündə
Bayramımızdı, ana!
Oxuyub bu sətirləri kövrəlmə sözlərimdən,
8 martdır, anacan,
Öpürəm gözlərindən!
Müəllif: N. Kəsəmənli.
______________________________________
Anacan
Çox mübarək, anacan.
Bu sevimli bayramın.
Yüksəlmisən əməklə,
Dillərdədir ad-sanın.
Layla çaldın sübhədək,
Beşiyimin başında.
Sən ömrümə mayaksan,
Olsam neçə yaşında.
Tumarlasan saçımı,
Ucalaram dağ kimi.
Böyüsəm də sevərsən,
Sən məni uşaq kimi.
Müəllif: Z.Vəlizadə
____________________________________________
8 mart
(Qadınlar bayramı münasibətilə)
Çərşənbəni yola saldıq,
8 martdı, gülür üzlər.
Baxışlarda min məna var,
Qayğılıdı ala gözlər.
Çiçəklər də sevincindən,
Yerə-göyə, elə sığmır.
Öpüş üçün qəribsəmiş,
Şirin sözlər dilə sığmır.
Bir ömür də yaşadınız,
Şəvə saça dən saldınız.
Qaralmasın şən simanız,
Şölə saçsın çöhrəmizə.
Bayramlarda bayramlaşın,
Tamın dadın nəvazişin.
Qızılgüllə qucaqlaşın,
Sevən ürək min yaşasın.
Ay analar, ay bacılar,
Çəkməyəsiz siz acılar.
Qismətiniz xoş təbəssüm,
Bir də olsun xoş arzular.
Kişilər, bilin qədrini,
Duyun qönçə, gül ətrini.
Əziz tutun məhəbbəti,
Qarşılayın 8 martı,
Təkcə sevginin xətrinə.
Müəllif: Hüseyn Faxralı
8 Mart
Qadındır hər evin yanan çırağı
Hər güclü kişinin arxa dayağı
Qadınsız həyatın yoxdur marağı,
Qadınlar bayramınız mübarək olsun!
Ürəyi təmizdir,ruhu təmizdir,
Xəyalı bir nur tək sonsuz dənizdir,
Qadın bir anadır, ana əzizdir.
Qadınlar bayramınız mübarək olsun!
Kədər yaşı düşməsin gözdən yanağa,
Acı söz gəlməsin dilə, dodağa,
Öyrəşə bilmərik sizsiz yaşamağa,
Qadınlar bayramınız mübarək olsun!
Müəllif: Kənan Akberov
____________________________________
Qadınlar
Həyatda hər zaman əziyyət çəkir,
Bir çox çətinliyə dözür qadınlar.
Bəzən günəş kimi gülür gözləri,
Bəzən də göz yaşı tökür qadınlar.
Evləri qadınsız düşünün görək,
Qadınlar zinətdir dəyərin bilək.
Hərəsi bir evə verilən mələk,
Cənnətə aparan yoldur qadınlar.
Kimiyçün bacıdır, kimiyçün ana,
Bunlar əvəzsizdir hər bir insana,
Qadınlar bəzəkdir bütün cahana,
Hər biri ətirli güldür qadınlar.
Hər evin əziyyətin qadınlar çəkir,
Bəs onun arzusu istəyi nədir?
Qadın istədiyi dəyər, sevgidir,
Çoxları sanır ki, sirdir qadınlar.
Müəllif: Elvin Elxanoğlu
Digər şeir nümunələrini https://analar.az/8-mart-seirler/ qeyd etdiyimiz linkdən oxuya bilərsiniz.