8 mart seirler 💐
8 mart seirler, “Beynəxalq Qadınlar Günü”nə aid şeirlər axtarışında olan balacalarımızı düşünərək onlar üçün bu səhifəni yaratdıq. Burada 8 marta aid şeirlər tapa bilərsiniz.
8 martdır Anacan!
“8 martdır anacan!
Qoy öpüm üz-gözündən,
Daha uşaq deyiləm,
İndi böyük qızam mən!”
Xatırladınmı ana?
Söyləyərdim bu şeiri hər bayramda qarşında!..
İndi o məktəbli qız,
O bəxtəvər, qayğısız qızın çatıb yaşına
Amma heç böyüməyib…
Uşaqkən danışdığın xoşbəxtlik nağılları,
O göyçək Fatmaları hələ də örnək alır
bu çağda, bu yaşında,
Axı ana, ay ana!
Sən niyə öyrətmədin öz sadəlövh qızına?!
Bu həyat masal deyil,
Onun ağrılarına dözüb ayaqda qalmaq
çətindir, asan deyil…
8 martdır anacan…
Nədəndisə, bu bayram keçmişi vərəqlədir,
İlləri dilləndirir.
Xatirələr anbaan dillənir göz önündə
Qələm də acizləşir boğazacan yığılmış,
Deyilməyə can atan yaralı söz söz önündə
Bayramımızdı, ana!
Oxuyub bu sətirləri kövrəlmə sözlərimdən,
8 martdır, anacan,
Öpürəm gözlərindən!
Müəllif: N. Kəsəmənli.
8 mart
(Qadınlar bayramı münasibətilə)
Çərşənbəni yola saldıq,
8 martdı, gülür üzlər.
Baxışlarda min məna var,
Qayğılıdı ala gözlər.
Çiçəklər də sevincindən,
Yerə-göyə, elə sığmır.
Öpüş üçün qəribsəmiş,
Şirin sözlər dilə sığmır.
Bir ömür də yaşadınız,
Şəvə saça dən saldınız.
Qaralmasın şən simanız,
Şölə saçsın çöhrəmizə.
Bayramlarda bayramlaşın,
Tamın dadın nəvazişin.
Qızılgüllə qucaqlaşın,
Sevən ürək min yaşasın.
Ay analar, ay bacılar,
Çəkməyəsiz siz acılar.
Qismətiniz xoş təbəssüm,
Bir də olsun xoş arzular.
Kişilər, bilin qədrini,
Duyun qönçə, gül ətrini.
Əziz tutun məhəbbəti,
Qarşılayın 8 martı,
Təkcə sevginin xətrinə.
Müəllif: Hüseyn Faxralı
Anacan
Çox mübarək, anacan.
Bu sevimli bayramın.
Yüksəlmisən əməklə,
Dillərdədir ad-sanın.
Layla çaldın sübhədək,
Beşiyimin başında.
Sən ömrümə mayaksan,
Olsam neçə yaşında.
Tumarlasan saçımı,
Ucalaram dağ kimi.
Böyüsəm də sevərsən,
Sən məni uşaq kimi.
Müəllif: Z.Vəlizadə
Anadır, ana!
Qadınsız bir həyat bilirsən nədir?
Tikanlı kol üstə saralmış çiçək.
Məhəbbətlə döyünməyən bir ürək.
Səhrada tuğyan edən isti külək…
Qadındır isidər mənzilimizi,
Oxşar günümüzü, ay-ilimizi.
Qadındır bizlərə həm arxa-dayaq,
Günahlar onunla bağışlanacaq!
Qadınlar dünyada sülh tərəfdarı,
Bəşər övladının tac damarları.
Xoş arzu-diləkli anadır qadın,
Sevimli, istəkli anadır qadın!
Anaların bayramıdır bu günlər,
Onundur ətirli çiçəklər, güllər.
Sevgi dolu dünya bəxş edək ona,
Çünki o, anadır, anadır, ana!
Mənim əziz müəlimim
Bu gün Sizin gününüz,
Sevinc dolu bayramdır.
Qəlbimizdə hər sözünüz,
Qayğınız bizə doğmadır.
Müəllim adınızla,
Daim ucalasınız.
Örnək həyatınızla,
Nümunə olasınız.
Mənim gözəl müəllimim,
Təbrik edirəm Sizi.
Bircə arzum var mənim,
Qazanım sevginizi.
Müəllif: Təhminə Hümbətova
Səni sevirəm ANACAN
Ən mehriban anasan,
Günəş kimi yanırsan.
Qoynunda boy atırıq,
Hər arzuya çatırıq.
Bir gün yaşa dolarıq,
Yaradarıq,qurarıq.
Daha gözəl olarsan,
Bizdən razı qalarsan.
Vətən sənin torpağın
Qüdrətinə qurban olum.
Anamın,atamın
Qeyrətinə qurban olum.
Yaz arzulu,yaz diləkli,
Duz-çörəkli,duz-çörəkli.
Mən deyərəm dağ ürəkli
Millətinə qurban olum.
Bu gün sənin bayramındir,
Sevimli günündür,
Bu təkcə sənin deyil,
Mənimdə şad günümdür.
Hərə bir cür hədiyyə,
Ətirli gül-çiçəklər,
Qızılgül.qərənfillər,
Sənə bəxş edəcəklər.
Olmasada bir hədiyyəm,
Deyilsən inciyəsi.
Sənə bir hədiyyəm var
İncə söz hədiyyəsi:
Yəni BAYRAMİN
MÜBARƏK OLSUN.
8 Mart
Qadındır hər evin yanan çırağı
Hər güclü kişinin arxa dayağı
Qadınsız həyatın yoxdur marağı,
Qadınlar bayramınız mübarək olsun!
Ürəyi təmizdir,ruhu təmizdir,
Xəyalı bir nur tək sonsuz dənizdir,
Qadın bir anadır, ana əzizdir.
Qadınlar bayramınız mübarək olsun!
Kədər yaşı düşməsin gözdən yanağa,
Acı söz gəlməsin dilə, dodağa,
Öyrəşə bilmərik sizsiz yaşamağa,
Qadınlar bayramınız mübarək olsun!
Müəllif: Kənan Akberov
Əziz anama
Gecələr yatmayıb yuxusuz qalan
Bizi əzizləyərək sevən anadır.
Bizi yedizdirib özü ac qalan,
Bizi yetişdirib böyüdən anadır.
Ana əyilməzdir, ana müqəddəs
Qoy bütün dünyaya yayıısın bu səs
Bir insan havasız yaşaya bilməz
Bizə havadan da vacib anadır.
Ey dünya, səsimə səs ver mənim
Anadır həyatda mənim həmdəmim
Anadır sevincim, anadır qəmim
Mənim həyatım da, elə anadır.
Anadır dünyada ən böyük sərvətim
Saxlamaq lazımdır onun hörməətin
İstəyir övladının görsün mürvətin.
Mənim ən böyük arzum ancaq anadır.
Doğulub dünyaya gəldim elə ki,
Çıxdı rahatlığın əlindən ana.
Gecələr yatmayıb laylamı dedin,
Of sözü duymadım dilindən ana.
Doqquz ay bətnində bəslədin məni,
Mən sənə nə etdim bilmirəm ana.
İndi göz yaşlarım süzür yanağa,
Yanaqda quruyur silmirəm ana.
Uşaqkən qədrini bilmirdim sənin,
Öpməzdim ağarmış telindən ana.
İndi can üstəsən nə mənası var,
Yüz kərə öpsəm də əlindən ana.
Qəlbinə toxundum yenə can dedin,
Bir ömür xətrimə dəymədin ana.
Halal zəhmətinlə böyütdün məni,
Heç kimə sən boyun əymədin ana.
Yaxşı əməlinlə abidə qurdun,
Hər kəsin qəlbində ucaldın ana.
O qədər dərdimi, cəfamı çəkdin,
Gözümün önündə qocaldın ana.
Ömrünü caladın mənim ömrümə,
Özünü mən qədər sevmədin ana.
Özün öz canından pay verdin mənə,
Ruhumda sən varsan ölmədin ana.
Ana
Bu gün 8 mart günü,
Bu gün sənin bayramın
Təbrikini qəbul et,
Sənə candan yananın
Həyatımın mənası
Aynasısan sən ana
Mənə həyat bəxş edib,
Böyütdün yana-yana
Əzəl gündən varlığım,
Müqəddəsimsən mənim
Sən ey övlad yolunda
Şam kimi əriyənim
Hansı varlıq qarşında
Baş əyməyib heyrətdən
Ana, biraz yaxın gəl
Qoy öpüm gözlərindən
Səndə olan ətri mən
Heç bir güldə duymadım
Nədən desən doyaram
Ana, səndən doymadım
Sən mənə yanan kimi
Sənə yana bilsəydim
Özümü bu dünyanın
Ən xoşbəxti sanardım
Uca tut ki, başını
Vüqar sənə yaraşır
Səni məğrur görəndə
Sevincim həddən aşır.
Ana, mənə layla çal,
Nəğmə de həzin-həzin
Ana elə gül ki, sən
Bu dünya silkələnsin
Daim səni şad görüm,
Qəm gözündən silinsin
Ana birdə qəh-qəh çək
Yer kürəsi titrəsin
Titrəsin, silkələnsin,
Məhvərindən titrəsin
Sən gül ki, asimandan
Qoy gülüm səpələnsin
Müəllif: Bayram İsmayılov
Qadınlar
Həyatda hər zaman əziyyət çəkir,
Bir çox çətinliyə dözür qadınlar.
Bəzən günəş kimi gülür gözləri,
Bəzən də göz yaşı tökür qadınlar.
Evləri qadınsız düşünün görək,
Qadınlar zinətdir dəyərin bilək.
Hərəsi bir evə verilən mələk,
Cənnətə aparan yoldur qadınlar.
Kimiyçün bacıdır, kimiyçün ana,
Bunlar əvəzsizdir hər bir insana,
Qadınlar bəzəkdir bütün cahana,
Hər biri ətirli güldür qadınlar.
Hər evin əziyyətin qadınlar çəkir,
Bəs onun arzusu istəyi nədir?
Qadın istədiyi dəyər, sevgidir,
Çoxları sanır ki, sirdir qadınlar.
Müəllif: Elvin Elxanoğlu
Ana
Adın müqəddəsdir adına qurban
Bəzəmək nə lazım naxışla ana.
Əvəzin yox imiş gec anlamışam,
Haqqını halal et bağışla ana.
Əgər bütün bəşəriyyət ədüvvi-canım ola,
Ürək süqut etməz aldığı mətanətdən.
Ricavü-xəfvə məkan vermərəm gər alimlər
Min ildə vəz edələr dəhşəti-qiyamətdən.
Pələnglər tuta dövrüm, çəkinmərəm əsla,
Və ya ki, vəd edələr dövləti-cahanı mənə.
Ki bir kəsə baş əyibiczimi bəyan eyləyim
Əyilmərəm nə ki yer, versələr səmanı mənə.
Yanımda gər dura cəllad, əlində şəmşiri,
Ölüm gücüylə mənə hökm edə olum təslim.
Əyilmərəm yenə haşa! Ölüm nədir ki, onun
Gücüylə xalqa həqiranə eyləyim təzim.
Cahanda yox elə bir qüvvə baş əyim ona mən,
Fəqət nə güclü, zəif bir vücud var yahu!
Ki hazıram yıxılıb xaki-payinə hər gün
Öpüm ayağını icz ilə. Kimdir o? Nədir o?
Ana, ana… O adın qarşısında bir qultək
Həmişə səcdədə olmaq mənə fəxarətdir.
Onun əliylə bəla bəhrinə yuvarlansam
Yenə xəyal edərəm bəzmi istirahətdir.
Əs, ey külək, bağır, ey bəhri-biaman, ləpələn!
Atıl cahana sən, ey ildırım, alış, parla!
Gurulda, taqi-səmavi, gurulda, çatla, dağıl!
Sən, ey Günəş, yağışın yağdır, ey bulud, ağla!
Bütün bunlar mənə əsər eyləyərmi? Mütləqa yox. Yox.
Fəqət ana… O adın qabağında,
O pak bağrına bassın məni desin layla
Təbəssüm oynadaraq, titrəyən dodağında…
Bütün vücudum əsər, ruhum eyləyər pərvaz,
Ucar səmalara o aləmi-xəyalətdə.
Yatar, ölər bədənim, nitqdən düşər bir söz:
Ana, Ana… Sənə mən rahibəm itaətdə!
Müəllif: Cəfər Cabbarlı