Şeirlər

Zəfər gününə aid şeirlər

Zəfər günüə aid şeirləri buradan oxuya bilərsiniz. Allah hər bir şəhidimizə rəhmət etsin.

Zəfər yolu – Günün şeiri

( Asim Yadigar Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair )

Soldurub baharını, gətirdik sərt qışını,
Axıdıb bu yerlərdə düşmənin göz yaşını,
Dəmir yumruqla əzdik onun murdar başını.
Bu yol qeyrət, cəsarət, bu yol hünər yoludur,
Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur!

Ali Baş Komandanım, yaşa, var ol, yüz yaşa!

Saldığın Zəfər yolu tamaşadır, tamaşa,
Bu yolu tutmalıyıq başdan-başa qumaşa.
Bu yol ata arzusu – bu yol Öndər yoludur,
Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur!

Onun hər qarışına qarışıb şəhid qanı,
Bu qanlarla qurtardıq qandan Azərbaycanı.
Oğlum, nəvəm, qardaşım, bu yolu sən də tanı.
Bu yol qorxu bilməyən hünərvərlər yoludur,
Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur!

Bu yolda dəfn eylədim içimdəki qorxunu,
Həqiqətə çevirdim əfsanəni, yuxunu,
Sancdı düşmən köksünə igidlərim oxunu.
Bu yol qəlbə rahatlıq gətirən nər yoludur,
Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur!

Yamyaşıl meşələrin nəğməsi necə şirin,
Kölgəsi gün görməyir, kölgəsi necə sərin.
Bu zümrüd meşələrin, bu dərin dərələrin
Hər biri xoş müjdələr verən xəbər yoludur,
Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur!

Sıldırım qayaları öpürəm gözlərimlə,
Oxşayıram hər izi, cığırı sözlərimlə,
Öyünür, fəxr edirəm dağımla, düzlərimlə.
Daha bu yol nə həsrət, nə də qəhər yoludur,
Bu yol Şuşaya gedir, bu Yol Zəfər yoludur!

Otuz illik həsrəti qırx dörd gündə dağıdan,
Ey qəhrəman qazilər, sizə hər an can qurban.
Bu yolda şəhidləri unutmadım bircə an.
Bu yol cəsur, qəhrəman, igid əsgər yoludur,
Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur!

Ulu Naxçıvanımın qorxmaz, ər oğulları,
Oxudum qayalarda siz yazan nağılları!
Dağa qalxan maşınlar, sanki durna qatarı
Qalxır Şuşaya sarı, qala-şəhər yoludur,
Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur!

Ədalətinə şükür, ey qoca, gidi dünya,
Mən Cıdır düzündəyəm – nə yuxudur, nə röya.
Burdan – Cıdır düzündən səslənərək dünyaya
Deyirəm: – Bu qələbə, zəfər, bu ər yoludur,
Bu yol Şuşaya gəlir, bu yol Zəfər yoludur

8 NOYABR

8-i Noyabr Şuşa günüdü
təqvimdə düzəliş.
dualarda yenilik günü.
Biz bu duaları üzü göylərə
hər gün pıçıldadıq,
Vətən və Azadıq eşqinə.

8-i Noyabr
duaların qəbul olunduğu,
Tanrı lütfünün yerə endiyi gün,
Şəhid ruhlarının
bayraqlıq parçadan
bayram paltarı geyindiyi gün.

8-i Noyabr
Heyrətim, inamım, qürurum,
bir az da heyranlığım.
Biz Şuşaya qayıtdıq, Şuşa bizə qayıtdı.
Sənə şükür olsun,ya inandığım!

Azərbaycan əsgərinə

Ey adlı qəhrəman, adsız qəhrəman,
Qarşında yağılar diz çöküb titrər.
Şükür, sən tərəfə dolandı dövran,
Daha nə itirsə düşmən itirər.

Gözünü yummadın soyuq səngərdə,
Gecələr bizim də yuxumuz azdı.
Sən ey fateh oğul, sən ey sərkərdə,
Şəninə min dastan yazsam da azdı.

Haqq idi bayrağa içdiyin andın,
Əsrlik yolları qət etdin, əsgər.
Yeni tarix yazdın – zəfər qazandın,
Şuşa qalasını fəth etdin, əsgər.

Başın uca olsun, ay gözüm, canım,
Vüsala yetişdi könül sevdası.
Sayəndə güləcək Azərbaycanım,
Gəldi Qarabağın o xoş sədası.

RAHAT UYU, ŞƏHİDİM

Bu dünyanın dərdləri sanki bizə görədir,
Birindən qurtulmamış başqasını törədir.
Sülhdən dəm vuranların cəllad çıxır çoxusu,
Bütün qəsbkarların ağzında qan qoxusu…
Qara itlər qorunur, ağ atlar izlənirkən,
Qartalları vururlar, bayquşlar gizlənirkən…
Yurdun aşiqlərini seçib dən-dən vurdular,
Gözlərindən qorxanlar
ürəyindən vurdular..
Rahat uyu, şəhidim…
Yollara həsrət – həsrət dikiləndə gözlərim,
dünyanın boğazından keçməyəndə sözlərim,
Cəbhədə don tuturdu sənin ayaq izlərin…
Qış gəlirdi dağlara…
Qarabağda sazaqdı,
Səninsə gözlərindən günəşli bir yaz axdı…
Artıq nəfəsin həyat ritmindən çox uzaqdı…
Uzağa dikilmişdi o anda nəzərlərin..
Gözə vətən dəyirdi…
Qəlbin odu sönmədən ruhun gülümsəyirdi…
Rahat uyu, şəhidim…
Savaşın davam edir,
Bayrağına, himninə neçə dostun əyildi…
Gözünü itirən var,
qolu yoxdur kiminsə…
…Ruhum bu son yaradan ölüncə qan itirsə…
Sən də ordan gülümsə..
Rahat uyu, şəhidim…

Sənə Zəfər yaraşır

Vətən müharibəsində
Biz qələbə qazandıq.
Bu gün Anım Günüdür
Qəhrəmanları andıq.

Tarix yazdı igidlər,
Hamısı əzizimizdir.
44 günlük müharibə,
Şanlı tariximizdir!

Dəmir yumruq düşmənin,
Mənfur başını əzdi.
Düşmənlər Qarabağda
Daim qala bilməzdi.

İndi azad Qarabağ
Günbəgün abadlaşır.
Mənim qədim torpağım!
Sənə bu çox yaraşır.

Bizə Zəfər yaşatdı,
İgid oğullarımız.
Hər birini anırıq,
Minnətdarıq hamımız!

Yaşa, Vətən, çox yaşa,
Yaraşır Zəfər sənə!
Alqış, min kərə alqış
Zəfəri bəxş edənə!

Azərbaycan əsgəri

Rəşadətin önündə,
düşmən də təslim olur.
Hünərindən danışır,
söz açır, hər kim olur,-
Azərbaycan əsgəri.

Ayağın dəyən torpaq,
əsirlikdən qurtarır.
Sən qalxan ucalığa,
dağlar həsəd aparır,–
Azərbaycan əsgəri.

Vətən üçün canından,
keçməyə də hazırsan.
Qəhrəmanlıq tarixin,
al qanınla yazırsan,-
Azərbaycan əsgəri.

Saxta tarix yazanın,
niyyəti pozulacaq.
Sənin rəşadətindən,
dastanlar yazılacaq,-
Azərbaycan əsgəri.

Tarix mat qalıb sənə,
zamana dur, deyirsən.
Sən verib öz hökmünü,
komandir, vur, deyirsən,-
Azərbaycan əsgəri.

Düşməni nişan alan,
gözünə qurban olum.
Yurduma naxış vuran,
izinə qurban olum,-
Azərbaycan əsgəri.

Millətin qürurunu,
sən özünə qaytardın.
Qalibiyyət bayrağın,
zirvələrə apardın,-
Azərbaycan əsgəri.

Özünü dərk edəndə,
millət qüdrətli olur.
Hər oğulu, hər qızı,
qorxmaz, cürətli olur,-
Azərbaycan əsgəri.

Düşmənin namərdliyi,
südündə, qanındadı.
Məğrurluğun, qürurun,
səninsə soyundadı,-
Azərbaycan əsgəri.

Qədim tariximizə,
varlığın zəmanətdir,
Ululardan bu günə,
yurdumuz əmanətdir,-
Azərbaycan əsgəri.

Özünə qayıdacaq,
hər yurdun dogma adı.
Yüksələn bayrağımız,
zirvədən də ucadı,-
Azərbaycan əsgəri.

Qələbə soraqları,
düşmənin belin qırıb.
Yumruq kimi birləşib,
arxanda millət durub,-
Azərbaycan əsgəri.
İşğaldakı torpağı,
qarış-qarış alırsan.
Döyüş meydanlarında,
şanlı zəfər çalırsan,-
Azərbaycan əsgəri.

Bu gün qalibsən artıq,
düşmənə vermə möhlət.
Xilaskar ordusuna,
sənə güvənir millət,-
Azərbaycan əsgəri.

Ali Baş Komandan da,
igid ər tək döyüşür.
Dünya hərb meydanında,
bir əsgər tək döyüşür,-
Azərbaycan əsgəri,
Azərbaycan əsgəri.

ƏSGƏR QARDAŞIMA

Can, əsgər qardaşım, salamlar olsun,
Bir məktub yazıram torpaq ətirli.
Vətəndən vətənə arzularımı
Ürəkdən ürəyə sevgi gətirir.

O qırğı gözlərin nə uzaq baxır?
Şuşayamı gedib, yoxsa Laçına?
Qəlbindəki sevgi yetər, igidim,
Qovuşdursun bizi Vətən tacına!

Oyanıb içimdə bütün duyğular,
Gün boyu xəyallar qurur ürəyim.
Elə unudulub bütün qayğılar,
Səngərdə səninlə vurur ürəyim!

Sənlə silah tutub, mərmi atıram.
Səngərdən səninlə birğə çıxıram.
Atdığın gülləyə dönüb bir anda,
Od olub, düşmənə -“Atəş!-sıxıram!

Bu artıq son döyüş, geriyə yol yox!
Tök qanın, sən qala düşmən leşini!
Xocalı yadından çıxmasın sənin,
Namərdə nifrətlə sən sıx dişini!

Kəlbəcər dağları qalanız olsun,
Laçına, Şuşaya gedən yoldasız!
Cəbrayil, Qubadlı, Zəngilan gülür,
Ya bu gün, ya sabah Qarabağdasız!

Qanınla yuduğun azad torpağı
Öpürəm, bağrıma basıram, qardaş!.
Azadlıq qoxulu Vətən bayrağın
Səninlə hər yerə asıram, qardaş!

Arxada millətim, Baş Komandanım,
Bu birlik, bu sevgi əməyin olsun.
Vətən sənə, sən vətənə əmanət,
Ulu Yaradanım köməyin olsun!

YAŞA, VƏTƏNİM YAŞA!

Mübariz Hüseyn Borçalı

Tarix yazan övladın,
Yurdu, ucalar başa.
Dillərə düşüb adın
Yaşa, vətənim yaşa!

Hər oğulun igid, ər
Yağı üstə coşandı.
Göstərib mərdlik, hünər
Zirvələri aşandı.

Məğlub olub gedəcək,
Alıb, yara dərini.
Zaman rüsvay edəcək
Körpə qatillərini.

Dinc əhalini vurmaq,
Hərbçilərə yaraşmaz.
Məqamdır cavab sormaq
Kin, qəddarla barışmaz.

Güləcək el növrağı
Zəfərdən pay dərəndə.
Dalğalanan bayrağı
Təbəssümlü görəndə.

TARİX YAZIR O YERDƏ

Mübariz Hüseyn Borçalı

Qələbə müjdəsiylə
Üzü gülür yurdumun.
Vur deyib, gur səsiylə
İgid oğlu ordumun
Tarix yazır, o yerdə.

Zəfərə doğru gedir,
Tutub haqqa üzünü.
Xalq üstündən yox edir,
“Qaçqın”, “köçkün” sözünü
Tarix yazır o yerdə.

Tarixdən iki alıb,
Məktəbdə fikir edən,
Zamanı lərzə salıb
Olubdur öndə gedən
Tarix yazır, o yerdə.

Xocalı qətliyamın
Alacaqdır öcünü.
Yağı görür əyyamın
Azərbaycan gücünü
Tarix yazır, o yerdə.

Odur nur saçan, ancaq
Zülmət gecə, sübh danı.
İnamım var, qoyacaq
Qələbəyə NİDANI!!!
Tarix yazır, o yerdə.

Zefer gunune aid seirler video

8 noyabr zefer gunu seirleri. Qələbə bizimdir.

4.1/5 - (77 Səs)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button