Ümumi

Xocalı Soyqırımı 🥀

Xocalı faciəsi əsrin bəlası, əsrin faciəsi hesab olunur. Çünki bu tarix, bu dəhşətli gün qanla yazıldı Azərbaycanın tarixi səhifələrinə. Xocalıda yaşanan o dəhşətli günlər bu gün də yadımızdan çıxmır, əsrlər boyunca da unuda bilməyəcəyimiz dəhşətdir. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyiyi münasibətilə Azərbaycan xalqına müraciətinə qeyd etmişdir: “Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”.

Doğrudan da 26 Fevral 1992-ci il xocalılara misli görülməmiş vəhşiliklər, işgəncələr edildi ki, insan oxuyanda, eşidəndə belə qanı donur.

Allah insan üçün gözəl bir dünya, bu dünyanın içində də hər cür naz-nemət yaratdı ki, insan övladı daha yaxşı yaşaya, qurub-yarada bilsin. Lakin heç də düşünülən kimi olmadı. İnsan övladının istəkləri, nəfsi, gözü o qədər ac oldu ki, qurub -yaratdıqlarından daha çox dağıtmağa meyilli oldu. Təbiətə və insanlara ziyan vuraraq daha artığını, daha çoxunu istəməyə, bunun üçün hər cür vəhşiliklər etməyə başladılar. Məhz buna görə də müharibələr əsrlərdir ki, səngimək bilmir. İnsan övladı daha çox torpaq, daha çox sərvət istəyir, bu hərislik isə milyonlarla insanların ölümünə bayis olur.

İllər əvvəl torpaqlarımıza köçürülən bu bədnam qonşular torpaqlarımıza göz dikən acgözlərdən idilər. Köç başlanandan bir neçə il sonra artıq onlar insanlarımıza hücumlar edir, vəhşiliklər törədir, camaatın mal-mülkünə ziyan vururdular. Ermənilər Azərbaycan torpaqlarına ayaq basdıqları gündən xalqımızın qara günləri başlamış oldu. Ən dəhşətli faciə isə 25-dən 26sına keçən gecə Xocalımızda yaşandı.

O dəhşətli gecə

Dağlıq Qarabağ münaqişə artı qbaşlamışdı. Bu yolun açarı isə Xocalıdan keçirdi. Xocalının seçilməsi təbii ki, təsadüfən olmamışdı. Çünki strateji əhəmiyyətli yer idi. Ermənilə bu maneəni aradan qaldırmaq üçün yerli-dibli Xocalını yox etməyə çalışdılar. Demək olar ki, niyyətləri də baş tutdu təəssüf ki.

Həmin faciədən əvvəl də Xocalı öz tarixində bir neçə dəfə erməni təcavüzünə məruz qalmış, soyqırımlarına uğramışdı. Təkcə XX əsrin əvvəllərində 1905, 1906, 1917 və 1918-ci illərdə də Xocalı dörd dəfə erməni təcavüzünə məruz qalmış, yandırılmış, talan edilmiş, dağıdılmış, fəqət ayağa qalxaraq düşməndən qisasını almış, yenidən bərpa olunmuş və yaşamışdı. Lakin xocalıların sınağı demək ki, bitməmişdi…

Fevral ayı Qarabağda sərt keçirdi həmişə. Adətən hər yer bu aylarda ağappaq qar örpəyə bürünər, göz oxşayacaq təbiət mənzərəsi yaranardı. Fevralda iri-iri qar lopaları yağar, uşaqlar sevinərək həyətlərə düşüb qar topu oynayar, qardan adam düzəldərdi. Evlərdən isti xörəklərin qoxusu, gülüş səsləri ətrafa yayılardı. Əsl kənd qoxusunu hiss etmək mümkün olurdu. Lakin 1992-ci ildə Xocalı bu xoş günləri yaşamadı. Artıq aylar idi ki, şəhər mühasirəyə alınmışdı, insanlar çətinliklərə tab gətirərək şəhəri tərk etmirdi. Hər il olduğu kimi bu il də ağ örpəyə bürünsə də, uşaqlar həyətdə doyunca oynaya bilmirdi. Heç demə bu yağan qar, bu ağ örpək xocalıların kəfəni olacaqmış…

1991-ci ilin oktyabrından blokadada olan Xocalıda oktyabrın 30-dan etibarən avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vertolyotun vuruldu. Bunun nəticədə 40 nəfər həlak oldu. Bundan sonra isə bu əlaqə də kəsilmişdi. Artıq Xocalı itirilmək üzrə idi. Xocalıların bu çətin günlərində daha bir bədbəxtlik üz verdi. Belə ki, yanvarın 2-dən şəhərə elektrik verilmesi də dayandırıldı.

Şəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun doyüşçülərindən təşkil olunmuşdu. Fevralın ikinci yarısından başlayaraq hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı. İnsanlar bu çətinliklərə baxmayaraq dözür, şəhəri müdafiə edir və Xocalını tərk etmirdilər. Hətta heç kimin ağlından öz torpağını tərk etmək fikri belə keçmirdi. Xocalılar şəhərə hücum olunacağını gözləsələr də, bu cür dəhşətli faciə yaşayacaqlarını düşünmürdülər.

Artıq Fevralın 25-dən 26-sına keçən gecə Xocalıya hücum olunmağı qərarlaşdırdılar. Hücuma hazırlıq fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılmışdı. Şəhərə hücum toplardan, tanklardan, “Alazan” tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. 

İnsanlar əvvəlcə elə düşündülər ki, bu da aylardır baş verən kiçik, qorxuducu həmlələrdən biridir. Lakin sonradan səngimək bilməyən güclü top atəşlərini, artileriya hücumlarını gördükdə, hər şeyi anladılar. Şəhər 3 istiqamədən hücuma məruz qaldığından əhali Əsgəran rayonu tərəfə qaçmağa başladı. Lakin erməni dəstələri onları burada gözləyərək xüsusi amansızlıqla gülləbaran etmişdilər. Silahın az olması, texnikanın olmaması şəhərin müdafiəsini xeyli çətinləşdirmişdi. İnsanlar bu qarlı qış günündə meşəyə səpələnmişdi. Bundan sonra əsil dəhşət başladı. Ermənilər əli yalın əhaliyə amansızlıqla divan tutdular. İnsanlara misli görülməmiş işgəncələr etdilər. Xocalıların ahı-naləsi, qışqırıqları, ağlaş səsləri həmin gecə yeri-göyü inlətdi. Vəhşi, gözü dönmüş ermənilər qadınlara, körpələrə, qocalara rəhm etmirdi. Əsir götürlən insanlara dəhşətli işgəncələr verilərək öldürülürdü. Meşədə də xüsusi qruplaşmalar vardı ki, qarşılarına kim çıxsa güllələyir, bundan da ürəkləri soymur ölmüş insanların bədən üzvlərini, orqanlarını kəsib eybəcər hala salırdılar.

Fevralın 28-də tərkibində yerli jurnalistlər də olan qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi — düzənlik cəsədlərlə dolu idi.

Xarici mətbuatda Xocalı Soyqırımı

Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olunmuşdur. Meyitlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərin çıxardılması, ətrafların kəsilməsi, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilmişdir. Bu vəhşiliklər haqqında xarici mətbuatın yazdıqlarından: Krua l’Eveneman jurnalı (Paris), 25 fevral 1992-ci il: Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu.

Sandi Tayms qəzeti (London), 1 mart 1992-ci il: Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər. Faynenşl Tayms qəzeti (London), 9 mart 1992-ci il: Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar. Tayms qəzeti (London), 4 mart 1992-ci il: Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır. İzvestiya (Moskva), 4 mart 1992-ci il: Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür. Le Mond qəzeti (Paris), 14 mart 1992-ci il: Ağdamda olan xarici jurnalistlər, Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır. İzvestiya (Moskva), 13 mart 1992-ci il: Mayor Leonid Kravets: Mən Şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü. R. Patrik, İngiltərənin “Fant men nyus” teleşirkətinin jurnalisti (hadisə yerində olmuşdur): Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz.

Xocalı Soyqrımı

Azərbaycan xalqına qarşı törətdikləri növbəti soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızcasına qətlə yetirilib. 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb, 150 nəfər isə itkin düşüb. Bu soyqırımı aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edilib, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirilib, əsir götürülənlərə amansız işgəncə verilib.

Ermənilər yalnızca insanlarımıza deyil, tarixi abidələrimizə qarşı da vəhşiliklər törətmişlər. Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib.

Xocalıya Ədalət

Xocalı qaçqınlarının BMT, Avropa İttifaqı və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müraciətində deyilir: Artıq 10 ildən artıqdır ki, biz, qaçqın vəziyyətinə düşmüş xocalılar, ürək ağrısı və eyni zamanda böyük ümidlə bütün dünyanın sülhsevər xalqlarına, beynəlxalq təşkilatlara müraciət edirik. Sizdən xahiş edirik, erməni hərbi təcavüzü nəticəsində bizim başımıza gələn bəlaya laqeyd qalmayasınız. Biz inanırıq ki, dünyanın BMT, Aİ və ATƏT kimi kifayət qədər nüfuzlu beynəlxalq təşkilatları, sülhsevər ölkələri Ermənistan kimi dövlətin belə təcavüzkarlığına və özbaşınalığına qarşı tədbir görəcəklər.

Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin hərəkətləri insan haqlarının kobud pozulması, beynəlxalq hüquqi aktların — Cenevrə konvensiyası, Ümumdünya İnsan Haqları Bəyannaməsi, vətəndaş və siyasi hüquqlar barədə Beynəlxalq Saziş, Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinin, həyasızcasına məhəl qoyulmamasıdır. Hücumda həmçinin mayor Ohanyan Seyran Muşeqoviçin (Seyran Ohanyan Ermənistanın müdafiə naziri olub) komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyonun, 1 saylı batalyonun qərargah rəisi Şitçyan Valeri İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və praporşik iştirak etmişdir. 

Bu qədər sübutların olmasına baxmayaraq hələ də dünyanın bir çox ölkələrində Xocalı soyqırım kimi tanınmır. Ermənilər cəzasız qalır, dünya bu faciəni görməzdən gəlir. Halbuki cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməli,. beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə – Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.

Xocalı şahidlərinin dili ilə

Bu dəhşətli gecədən möcüzə nəticəsində çox az sayda insan sağ qala bildi. Onlar o qədər güclü psixoloji travmalar almışdılar ki, soyuqdan donan əl ayaqlar, sıradan çıxan orqanlar onları bu qədər qorxutmurdu. Özlərində güc toplayan şahidlər həmin dəhşətli gecə haqqında yaşadıqlarını bütün dünyaya çatdırmaq üçün müsahibələr verirdilər.

Xocalı sakini Əntiqə erməni hərbçilərinin tələb etdiyi “bu yerlər böyük Ermənistanın bir hissəsidir” sözlərini dilinə gətirmədiyinə görə ermənilər tərəfindən diri-diri yandırıldı. Digər Xocalı sakini Səriyyə Talıbova danışırdı ki, “4 mesxeti türkü və 3 azərbaycanlının erməni qəbirinin üzərində başını kəsdilər. Sonra daha 2 azərbaycanlının gözlərini çıxartdılar”.

Şakir Quliyev:
– 1992-ci ildə mən 11-ci sinifdə oxuyurdum. Məktəbli olmağıma baxmayaraq, sinif yoldaşlarımla özünümüdafiə batalyonuna kömək göstərirdik. Yeri gələndə döyüşən azərbaycanlılara yardım da edirdik. Fevralın 25-i idi. Axşamüstü anam Sara məni yanına çağırıb dedi ki, bala, vəziyyət çox pisdir. Bəlkə sən bacı-qardaşlarını da götürüb Ağdama gedəsən?
Əvvəlcə razı olmadım. Sonra yaxınlıqda partlayan mina məni fikrimdən daşındırdı. Güllə səsləri lap yaxınlıqdan eşidilirdi. Hava çox soyuq idi. Qalın paltar geyinib yola çıxmağa hazırlaşırdım ki, anam fikrini dəyişib bir yerdə getməyi qərara aldı. Biz birlikdə evdən çıxıb meşəyə, ordan da Ağdama tərəf üz tutduq. Yeridikcə şaxta əl-ayağımızı, üz-gözümüzü dondururdu. Birdən qarşıdan ermənilərin atəş səsləri eşidildi. Kiçik qardaşım Şükür ağlamağa başladı. Anam onu bağrına basıb, səs çıxarmamağı tapşırdı. Güllə səsləri getdikcə yaxınlaşırdı. Onda anam dedi ki, hərəmiz bir tərəfə gedək ki, sağ qalmaq ehtimalımız olsun. Qaranlıq gecədə anam və qardaş-bacılarım pərən-pərən düşdülər. Mən tək qaldım. Birtəhər Gülablıya, ordan da Ağdama gəldim. Nə anamdan, nə bacılarımdan, nə də 6 yaşlı qardaşımdan xəbər vardı. Bir gün sonra atam Qaryağdı və ayaqları soyuqdan donmuş halda olan əmim Tahir Quliyev Ağdamda məni tapdılar. Vəziyyəti gündən-günə pisləşən əmim 3 gündən sonra dünyasını dəyişdi. Anam Saradan, bacılarım Rəvanə, Nuranə və qardaşım Şükürdən bugünə kimi xəbər yoxdur.

Heydərov Camal Əbdülhüseyn oğlu: “Qaraqaya deyilən yerin yaxınlığındakı fermanın 2 kilometrliyində eybəcər hala salınmış xeyli azərbaycanlı meyiti var idi. Qətlə yetirilmiş uşaqların sinəsini yarıb ürəklərini parçalamış, əksər meyitləri isə tikə-tikə doğramışdılar”.

Xocalı sakini Razim Mustafayev: “Həmin gün ermənilər dəhşətli vəhşiliklər etdilər. İnsanlığa sığmaz dərəcədə faciə törədildi. Qaynım Hüseyni öldürdükdən sonra qızıl dişlərini çəkib çıxarmışdılar, qadınlara süngü ilə işgəncə verib öldürürdülər. Mən çaydan keçəndə gördüm ki, qonşum Vaqifin arvadı və 3 oğlunun meyiti Xaçın  çayında qalmışdı. Ana üç oğlunu necə qucaqlamışdısa meyitlər suyun içində bir-birinə yapışıb qalmışdılar. Gecə çətinliklə gəldik Ağdam rayonuna. Sağ olsun Ağdam camaatı və könüllü döyüşçülər bizi qarşıladılar”.

Mustafayeva Kübra Əliş qızı: “Ermənilər bizi girov götürən kimi yanımdakı altı nəfəri yerindəcə güllələmişdilər”.

Zənurə Səlimova:
– Fevral ayının 25-i gecə saat 11-12 radələri idi, yenicə yatmışdıq. Həyat yoldaşım və onun qardaşı bir gündən bir postda dururdular. Həmin gecə yoldaşım Fərhadın növbəsi idi. Qəfildən onun qışqırıq səsinə ayıldıq. Hay-haray qopdu ki, ermənilər şəhərə hücuma keçib, çıxın! Evdə qaynım, onun yoldaşı, iki övladı və qayınanam vardı. Qayınanam ağır xəstə idi, ayaqları yer tutmurdu. Əvvəlcə onu durquzmağa çalışdıq, bu vaxt baldızım da altı nəfər ailə üzvü ilə birlikdə bizə köməyə gəldi. Yoldaşımla qaynım analarını kürəklərinə aldılar, mən və baldızım isə onun ayaqlarından tutduq. Bu şəkildə qaçmağa başladıq. Gəlib çıxdıq Xocalıda beşmərtəbə deyilən yerə, oranın zirzəmisində gizləndik. Bura qədər necə, hansı zülmlə gəldik, onu bir
Allah bilir. Həm də hamilə idim…
Zirzəmidə yenicə oturmuşduq ki, Murad adında oğlan gəlib dedi ki, meşəyə gedirik. Ara bir az sakitləşsin, qayıdarıq kəndə. Nə qayıtmaq?! Arxada bir nəfər də canlı qoymamışdılar, qarşılarına keçəni güllələmişdilər, evlər yerlə yeksan edilmişdi.
Ayaqyalın, başıaçıq Qarqar çayını çox çətinliklə keçdik. Gəldik Qaraqaya deyilən yerə. Orada Milli Qəhrəman Əlif Hacıyev və indiki deputatımız Elman Məmmədov, Xocalı özünümüdafiə batalyonunun komandiri, Milli Qəhrəman Tofiq Hüseynov, Araz Rüstəmov və digər qeyrətli oğullarımız insanlara kömək edirdilər. Onlar sakinləri qrup şəklində xilas etməyə çalışırdılar. Bu anda yaxınlığımızdan bir qara “VAZ-66” maşını keçdi, oradan biz tərəfə çığırdılar ki, tez keçin. Elə əsl dəhşət də bundan sonra başladı. Biz elə bilirdik ki, geri – kəndə qayıdacağıq. Daha düşünmürdük ki, həyatımızın sonudur. İnsanların bir hissəsi ilə Qaraqayanı keçdik, qalanlarını isə elə qırdılar ki, elə bil tarlada ot biçdilər. Demək olar ki, bizimlə olan insanların yarısı güllələndi. Qaynım Faiq, yoldaşım Fərhad, baldızım və mən qayanı son anda aşa bildik. Bu zaman arxaya baxdıq ki, bir yaralı yerdə uzanıb inildəyir. Adı Telman idi, yoldaşı isə həmin gecədə şəhid olmuşdu. O, qarnından güllələnmişdi, qan elə fışqırırdı ki, elə bil qırmızı yaylıq qarın içindən burula-burula tüstülənir. Hamı qışqırırdı: “Ay Allah, mənə kömək et!..” Yoldaşımın xəstə anası və Hüseyn adlı dayım o gecə şəhid oldular. Dayımı o qədər yerlə sürümüşdülər ki, bədəni, başı parça-parça olmuşdu. Ermənilər qızıl dişlərini də çıxartmışdılar. Dəfnindən əvvəl yuyularkən onun başının arxa hissəsinə bəlkə də bir kiloqram pambıq tıxadılar. Çünki başında böyük dəlik açılmışdı.

Xocalı sakini Sürən Məmmədov: “Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəvi səhifələrdən biri kimi daxil olub. Fevralın 26-da  gecə saatlarında Xocalı ağır atıcı silahlardan atəşə tutuldu. Həmin gün hava dəhşətli soyuq idi qar yağmışdı. Xaçın çayını keçərək meşə yolu ilə Ağdam rayonuna üz tutduq. Həmin ərazidə ermənilər Xocalı sakinləri dəhşətli şəkildə qətlə yetirirdi. Oğlum, bacım, kürəkənim gözlərimin önündə öldürüldü. Bu dəhşətli anları heç vaxt unuda bilmirəm”. 

Kərimova Səidə Qurban qızı: “12 nəfərlə birlikdə girov götürüldük. Ermənilər qızım Nəzakəti, Tapdığı, Səadəti, İradəni işgəncə ilə öldürmüşlər”.

Xocalı sakini Y.Zamanov: “ “Anamgil bizdən xeyli aralıda idi. İstədik onlar tərəfə gedək. Dedilər onlar çıxıblar. Erməni əsgərləri həmin postları götürəndə anamgilin saxlandığı sığınacağı da tutub, onları girov götürüblər. Bunu eşitmişdik ki, erməni tankları kəndimizə girdilər. Sakinlərin kimisi çayaşağı qaçır, kimisi qaçıb evdə gizlənirdi. Mərmilər üzərimizə dolu kimi yağırdı. Biz tərəfdən o qədər də cavab olmadı. Adamların silahları demək olar yox idi. Silahı olanlar da güllə atmırdılar ki, yerləri bilinməsin. Atəş açanların hamısını öldürdülər. Meşə tərəfə qaçdıq. Ata baladan, qardaş bacıdan ayrı düşdü. Kim ölürdüsə, yanındakı istər-istəməz özünü itirirdi. İnsanları toplamaq da çətinləşdi. Evlər yanırdı. Hər yer alov içində idi. Elə bil gündüz idi. Qaçıb canını qurtaranlar da oldu, girovluqda qalanlar, ölənlər də. Bir qrup Xocalı sakininin Ağdama pənah apardığını eşidən erməni əsgərləri Şelli kəndi ilə Ağdamın arasındakı yolu kəsmişdilər. Oradan keçməyə cəhd edən bir dəstə Xocalı sakinini güllədən keçirmişdilər”.

Xocalı sakini Paşayeva Kübra Adil qızı: “Kətik meşəsinə girəndə ermənilərin mühasirəsinə düşdüm. Gizləndiyim kolluqdan həyat yoldaşım Paşayev Şura Tapdıq oğlu, oğlu Paşayev Elşad Şura oğlunun güllələnməsinin şahidi oldum”.

Xocalı sakini Qaryağdı Quliyev: “Mən avtoqarajda mühafizəçi işləyirdim. 25-dən 26 keçən gecə Xankəndində yerləşən 366 alayının ağır zirehli texnkaları Xocalıya hücum etdi. 8 istiqamətdə şəhəri mühasirəyə aldılar. Gecə yaşıl fişəng atıldı. Ermənilər əvvəlcə Xocalı Aeroportunu ələ keçirdilər. İlk hücum zamanı şəhərdə yerləşən bütün evlər yandırıldı. Bununla bağlı Poçt vasitəsilə Ağdam və Şuşaya məlumat versək də heç bir cavab ala bilmədik. Sakinlər məcbur olub gecə saat 1-də şəhəri tərk etməli oldu. Qarlı havada yaşlı insanlar, qadınlar, körpə uşaqlar meşə yolu ilə qaçmağa çalışırdı. Səhərisi gün gördüyümüz mənzərə bizi şoka saldı. Erməni cəlladları tərəfindən təhqir olunmuş meyitlər. O mənzərəni gözümün önünə gətirə bilmirəm. Necə danışım?! Çox ağırdı o günləri xatırlamaq. İnsananların başı, qadınların döşləri kəsilmişdi, körpə uşaqlar ağıla sığmaz dərəcədə öldürülmüşdü. Həmin gecə ailə üzvlərimdən 4 nəfər – iki qızım, bir oğlum və qardaşım şəhid oldu”.

Tovuz Zeynalova:
– Həyat yoldaşım evə gəlib mənə dedi ki vəziyyət çox pisdir. Deyəsən, qardaşım Eldarı ermənilər girov götürüblər. Uşaqları götürüb rayondan çıx. Mən də gedim görüm qardaşım haqqında nə öyrənə bilirəm.
İki uşağı da götürüb evdən çıxdım. Ağdama tərəf getməyə başladıq. İnsanlar qəflətən güllə yağışına tutuldular və qısa vaxt ərzində meşədə qan su yerinə axmağa başladı. Qorxudan ağlayan körpəmi qucağıma aldım. Elə bu zaman qəfil açılan erməni gülləsi uşağın düz ürəyini dəlib kürəyindən çıxaraq əlimi parçaladı. Huşumu itirdim, gözlərimi açanda qucağımdakı övladımın öldüyünü gördüm. Digər övladım Elşadın isə itkin düşdüyünü görüb ölmüş övladımın cəsədini götürərək Ağdama tərəf yollandım. Ayaqlarım və əllərim soyuqdan donmuşdu. Yaralı əlim cəsədi qucağıma almağa imkan vermirdi. Ağdama çatanda Azərbaycan əsgərlərini görüb ordaca huşumu itirdim. Gözlərimi açanda özümü xəstəxanada gördüm və ilk soruşduğum oğlum Elşad oldu. Mənə dedilər ki, Elşad sağdır və burda, xəstəxanadadır.
Bildirdilər ki, həyat yoldaşım Tofiq Zeynalov isə döyüşlər zamanı ermənilərə əsir düşüb. İndiyədək onun nə ölüsündən, nə də dirisindən xəbərim var.

Reyhan Muradova:
– 1992-ci il fevralın 25-i idi. Gündüz sakitlik idi. Lakin axşam düşəndə Xocalının gülləbaran edilməsinə başlanıldı. Atışmanın getdikcə şiddətləndiyini gördükdə qayınatam Lətif dayı məsləhət gördü ki, məktəbin zirzəmisinə gedim. Məni ora qədər ötürdü. Həmin vaxt artıq 8 aylıq hamilə idim. Məni zirzəminin qapısından içəri keçirəndə bircə onu dedi ki, oğlumun yadigarını qoru. Zirzəmidə də gördüm ki, kəndin qadınları burdadır. Bir az keçmiş gəlib buranın təhlükəli olduğunu bildirdilər və biz təcili olaraq oranı tərk etdik. Elə əsas müsibətimiz də bundan sonra başladı. Tərs kimi hava qarlı və soyuq idi. Qadınları və uşaqları Qarqar çayına tərəf gətirdilər. Çayı keçdik və qarşımızda olan dağı aşıb Ağdama tərəf getmək üçün bizə yol göstərdilər. Qəflətən şiddətli qar yağmağa başladı. Qadın, qoca və uşaqların həmin dağı aşması çox çətin oldu. Dağın zirvəsinə az qalmış sürüşüb onun ətəyinə düşdük. Ətrafımızda insan cəsədlərindən yerimək mümkün deyildi. Birdən ayağım sürüşdü və mən huşumu itirdim. Ayılanda ətrafımda heç kimi görmədim. Dağın zirvəsinə çatanda çevrilib Xocalıya tərəf boylandım. Xocalı od tutub yanırdı. Birtəhər Ağdamın Şelli kəndinə çatdım. Sağ olsunlar, üzümə qapı açdılar, nəvaziş göstərdilər. Bir aydan sonra bir oğlum oldu. Adını Xocalının ilk şəhidi olan həyat yoldaşım Zahidin adını qoydum…

Əfsanə Hüseynova:
– Biz iki bacı, bir qardaşıq. Faciədən sonra əmimin himayəsində yaşamışıq. Atam Tofiq Hüseynov Xocalı özünümüdafiə batalyonunun komandiri idi. O, gözümüzün qarşısında çox ağrı-acılar çəkirdi. Sonda isə Xocalının müdafiəsi uğrunda canından keçdi. Həmin gecə düşmənə əsir düşməməkdən ötrü özünü qumbara ilə partlatdı. O, vətəni, torpağı özündən və hər şeydən üstün tuturdu. Özünü şəhid edəndə üç övladını belə düşünmədi ki, onlar yetim qalacaq.
Faciədən əvvəl Xocalı mühasirədə idi. Kəndə gediş-gəliş yox idi, əlaqələr kəsilmişdi. Tək əlaqə vasitəsi vertolyot idi. Son vaxtlarda vertolyot vurulmuşdu deyə bu əlaqə də kəsildi. Atam heç vaxt razı deyildi ki, bizi kənddən çıxarsın. Çünki camaat deyərdi ki, komandir öz uşaqlarını çıxarır… Ümumən isə o istəmirdi ki, əhali kəndi tərk etsin. Sonra anam yalvar-yaxar elədi ki, heç olmasa uşaqları çıxaraq. Anam isə atamı qoyub çıxa bilmirdi. Kəndi müdafiə etmək üçün iki nəfərə bir avtomat düşürdü. Kəndlilərin çoxu əliyalın idi. Bəziləri ov tüfəngləri ilə vuruşurdular. Faciə baş verməmişdən bir ay əvvəl əmim bizi Ağcabədinin Hindarx kəndinə gətirdi. Düşünürdülər ki, böyüklər ölsə, heç olmasa uşaqlar sağ qalsın. Müharibənin öz qanunları var. Ən qatı düşmənlər belə müharibə zamanı uşaqlara və qocalara dəymirlər. Amma ermənilər bu cür etmədilər. Onlar heç kimə acımadılar. Körpə, hamilə qadın və qocaların hamısını güllədən keçirdilər, başlarına min cür oyun açdılar…

Məlahət Əliyeva:
– Xocalını tərk etmək məqamı idi. Atəş səsləri aləmi bürümüşdü. Bir azdan yer-göy alışıb yanacaqdı…
Bir dəstə qonşu yığışıb od-alov içərisindən yola düzəldik. Göydən od yağırdı. Üç uşağımı da növbə ilə qucağımda çaydan keçirdim. Üçüncüsünü keçirəndə çox yorulmuşdum, uşağın üst-başı suda islandı. Sonra da meşə, daş-qaya, kol-kos… Artıq ayaqqabılarımı çıxarıb atmışdım, indi corabların da mənə mane olduğunu hiss edib yolun qalanını tamamilə ayaqyalın irəlilədim. Uşaqları düz yerə çıxarandan sonra nəfəsimi dərmək istədim. Qeyri-ixtiyari dönüb arxaya baxdım. Xocalı tüstü içərisində görünməz olmuşdu. Ermənilərin maşınlarla qarət daşıdıqları görünürdü. Biz irəlilədikcə sıralarımız seyrəlirdi. Erməni cəlladları insanları amansızcasına məhv edirdilər. Bizim dəstənin başında Əlif Hacıyev gedirdi. Qabağımızdan ötən UAZ maşınındakı ermənilər bizə “keçin, keçin” dedilər. Bu, həm bizi öldürmək üçün bir fənd, həm də özlərinin bir-birinə parolu, işarəsi idi… Artıq Milli Ordumuzdan bir dəstə gəlib bizə çatmışdı. Gördüm ki, Tapdıq – yoldaşım da burdadır.
Oğlanlarım Teymur və Seymur iməkləyə-iməkləyə, yerlə sürünə-sürünə irəliləyirdilər. Qızım Nəzakət isə quçağımda idi.
Olduqca qızğın atışma baş verdi. Bu zaman qızımı yerə uzadıb bədənimlə onu örtdüm. Birdən uşaq ufuldanıb, “Ana, mənə nə isə dəydi” dedi. Bu zaman qolum boyu qanın axdığını gördüm. Mən qolumdan, uşaq isə qılçasından yaralanmışdı. Beləcənə evimizin sonbeşiyini itirdik.
Artıq Ağdama çatmağımıza az qalmışdı. Buradək necə gəlmişdim, məni necə gətirmişdilər, bilmirəm, xatırlamıram. Özümə gəlməyimlə yoldaşımın yerə yıxıldığını görməyim bir oldu. Bütün gücümü toplayıb ona tərəf getmək istədim. “Yaxın gəlmə, səni də vuracaqlar, – deyə qışqırdı, – uşaqları gözdən qoyma” söylədi.
Bu onun son sözləri oldu. Ağdama çatanda qardaşımla rastlaşdıq. Bir-birimizə sarılıb ağlayırdıq. Qardaşım o qədər meyit, o cümlədən öz doğmalarımızın cəsədlərini görmüşdü ki, “Mən niyə sağ qaldım?” deyə dəhşətlə hayqırırdı.

 Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur. Ümummilli liderimizin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı sərəncamla hər il fevral ayının 26-sı saat 17.00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur.

Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir. 

Xocalı Qəhrəmanları

Rus polkovniki əsir alan igid Aqil Sahib oğlu Quliyev  rəhbərliyi ilə 366-cı motoatıcı alayın altı BMP-si heyət üzvləri ilə birlikdə girov götürülür və bu heyətin sırasında bir rus polkovniki də olur. Fevralın 18-də Aqil qız-gəlinləri Xocalıdan çıxarmaq üçün 11 nəfər döyüşçüsünü götürüb, mühasirəni yarmaq üçün erməni postuna yaxınlaşaraq 21 erməni öldürürlər. Döyüş yoldaşı İlqar Musayevə güllə dəyir və Aqil onu təhlükəsiz yerə aparmaq istəyərkən, yaralanır. Güllə onun qıçlarına da dəydiyi üçün onun təcili cərrahiyyə əməliyyatına ehtiyac vardı. 1992-ci il fevralın 25-də, döyüş yoldaşları Quliyevi xərəyə qoyub Xocalı soyqırımından xilas etmək üçün çalışalar da, ermənilərin pusqusuna düşdülər. A.Quliyev də, onu aparanların hamısı həlak oldu. İgid komandirin meyitini beş gün sonra martın 2-də hadisə yerindən götürmək mümkün oldu. 1992-ci ildə Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

Xocalının milli qəhrəmanlarından olan Ələsgər Novruzov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə öz döyüşçü yoldaşları ilə birgə bir addım da olsun geri çəkilməmiş və səhərə qədər düşmənlə qəhrəmancasına döyüşmüşlər. Lakin bu qanlı gecədə igid oğlumuz düşmən gülləsinə qurban getmişdir. O, doğulub boya-başa çatdığı Laçın rayonunun Kürdhacı kəndində dəfn edilib. Ailəli idi. Üç övladı yadigar qalıb.

Xocalının “Mixaylo” su Tofiq Mirsiyab oğlu Hüseynov 1991-ci ildə Xocalı ərazi özünümüdafiə batalyonunun təşkilatçılarından biri kimi o, taborun komandiri təyin edilmişdi. Meşəli kəndi uğrunda gedən döyüşdə onun taboru onlarla erməni yaraqlısını məhv etməyə müvəffəq olub. O, rayonda “Mixaylo” ləqəbi ilə tanınırdı.Onun sayəsində Mehdikənd kəndinin fermasında yerləşən erməni quldurlarının artilleriyası, “Alazan” qurğusu sıradan çıxarıldı, ferma darmadağın edildi. İgid qəhrəman sir düşməmək üçün qumbaranı sinəsinə sıxdı və özü ilə bərabər ona yaxın erməni yaraqlısını da məhv etdi. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edildi

Ölümündən sonra milli qəhrəman adını alan Rüstəmov Füzuli Salah oğlu 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Füzuli əlində silah xocalılıları Şelli camaatına təhvil verib, geri qayıdırdı. O, Xocalı soyqırımı zamanı əhalinin təhlükəsizliyinin təmin edilməsində böyük hünər göstərmiş və özü düşmən gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olmuşdur. O, Tərtər rayonunun Hüsənli kəndində dəfn edilib.

Xocalı qəhrəmanları deyiləndə hamımızın ağlına ilk gələn şəxslərdən biri Əlif Hacıyevdir. Əlif Hacıyev  Xocalı Aeroportunun komendantı idi. Bu qanlı gecədə o, dinc əhalinin təhlükəsiz yerə çıxarmaqdan ötrü misilsiz qəhrəmanlıq göstərirdi. Faciə günü xain düşmən gülləsi nəticəsində şəhidlik mərtəbəsinə yüksəldi. Ölümündən bir neçə gün sonra Əlifin tabutunu Bakıya gətirib Şəhidlər Xiyabanında dəfn etdilər.

Cəsur pulemyotçu Səlimov Araz Bahadur oğlu 1990-cı ildə könüllü olaraq Xocalı özünümüdafiə batalyonuna yazılır. Araz ilk gündən öz cəsarəti ilə fərqlənir. O , bir pulemyotçu kimi erməni təxribatlarına layiqincə cavab verirdi. Erməni yaraqlıları onun izinə düşərək qardaşı Fəxrəddinlə birlikdə Əsgəranda vəhşicəsinə qətlə yetirirlər. Ağdam şəhərində Şəhidlər Xiyabanında dəfn olunan Səlimov Arazın qəhrəmanlığı nəticəsində xeyli Xocalı sakini şəhərdən çıxa bilir.

Füzuli Salah oğlu Rüstəmov Xocalı özünümüdafiə dəstəsi yaradılanda əvvəlcə həmin dəstədə, sonra isə hərbi batalyonda xidmətini davam etdirir. Faciə zamanı o, hünərləri ilə dillərə dastanolur. Füzuli üç dəfə Xocalıya girib, qadın, uşaq və yaralıları təhlükəsiz yerə çıxarmağa nail olur. Ölümün pəncəsindən neçə-neçə insanı xilas edən Füzuli Rüstəmov özü düşmən gülləsinə qurban gedərək şəhidlik zirvəsinə yüksəlir.

“Qızıl ulduz” medalını bacısı Füqurə Rüstəmovaya təqdim edilib.
O, Tərtər rayonunun Həsənli kəndində dəfn edilib.

Azərbaycan üçün çətin dövr olduğundan televizor kanalları, jurnalist heyətində o qədər çox deyildi. Xocalı faciəsinin dünyaya tanıdılmasında, bu faciənin törədilməsi ilə bağlı sübutların toplanmasında Çingiz Mustafayevin rolu əvəzolunmazdır. Onun çəkdiyi video-kadrlar, şahidlərin dilindən götürdüyü müsahibələr nəticəsində bu gün biz Xocalı hadisələrinin yaşadığını dünyaya sübut edə bilirik. Azərbaycanın igid, qorxmaz, mərd oğlu olan Çingiz bir gün könüllü dəstləri, Qarabağın müdafəsində çalışanları tək buraxmadı. Təəssüf ki, biz bu igid oğlumuzu da bu döyüşlərdə itirdik.

1991-2000-ci illərdə Xocalı İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış Elman Məmmədovun vaxtilə mərhum telereportyor Çingiz Mustafayevə verdiyi müsahibə:

“Xocalının ermənilər tərəfindən zəbt olunması 1991-ci ilin avqust ayının axırlarından başlayıb. O vaxta qədər təşəbbüs bizim əlimizdə idi. Biz tikirdik, qururduq, yaradırdıq. Ermənilərə nisbətən üstünlüyümüz çox idi. Xankəndiyə mühafizə ilə də olsa gedib-gəlirdik. Ermənilər bizim gücümüzü hiss etməyə başlamışdılar. O dövrdən sonra respublikada hansısa qüvvə, nəyəsə görə elə bir oyun törətdi ki, biz Dağlıq Qarabağda bütün təşəbbüsü əldən verdik. Kəndlərimiz bir-bir boşalmağa, yandırılmağa, əhali qırılmağa başladı. Çox təəccüblü idi ki, respublikanın hakimiyyət orqanları, hüquq-mühafizə orqanları, ümumiyyətlə kim buna cavabdeh idi, onlar buna laqeyd, barmaqarası baxırdılar. Sanki belə də olmalıymış.

Dəyərləndir

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yoxla
Close
Back to top button