Ümumi

Novruz bayatıları

Novruz bayatıları hər il bayram ərəfəsində söylənilir. Qədim zamanlarında bayatılar el şənliklərində söylənilərdi. Bütün dost-tanış qohum əqraba bayram gecəsi bir yerə yığışar, nəğmələr, bayatılar oxuyar, rəqslər edər, Novruz adətlərini yerinə yetirərdilər. Bayatı xalq şerinin əski nümunəsidir. Şərq xalqları klassik musiqisindəki 12 muğam ve altı avazatdan əlavə qeydə alınmış 24 şöbədən biridir.

Ordan axan arxdımı?
Üzündə duvaxdımı?
Novruz gəlib yetişdi,
Ayrı duran vaxtdımı?!


Men aşiqəm ayazdı,
Qış dərdlidi, nasazdı,
Onu bu dərdə salan
Qarşıdan gələn yazdı.


Mən aşiq ahar oldu,
Səhər yox, nahar oldu,
Qışın əhdini kəsən
Çiçəkli bahar oldu.


Bu şeirdi, qəzəldi;
Solub düşən xəzəldi.
Çərşənbelerin ilki
Yalançıdı, Əldi.

Əzizim, bülbüləm mən,
Boy atmış sünbüləm mən,
Çərşənbələr içində
Üçüncüyəm, Güləm mən.

Sürü deyil, naxırdı,
Qazan dibi paxırdı.
Sonuncu çərşənbənin,
Öz adı İlaxırdı.

Günəş nurun saçıbdı,
Soyuq qorxub qaçıbdı.
Məşələrdə, bağlarda
Novruzgülü açıbdı.


Dəyirmanda dən oldu,
Kef-damağı şən oldu,
Novruz bayramı gəldi,
Gece-gündüz tən oldu.

Mən aşiq xoşa gəldi,
Oxudu coşa gəldi.
Sevimli bahar fəsli
Novruzla qoşa gəldi.


İp yumağın səridi,
Təri zehmet təridi,
Havaya isti gəldi,
Suyun buzu əridi.

Səsləndi xoruz banı,
Açıldı sübhün danı,
İlin yaz fəsli gəldi,
Qızdı torpağın canı.


Gün adı Qodu oldu,
Bir adı Dodu oldu,
Novruzda çərşənbənin
Tonqalı, odu oldu.


Beldən açdım qəməni,
Suladım bağ-çəməni,
Novruzun nişanəsi
Səmənidi, səməni.


Mən aşiqəm alışar,
Zəhmət çəkər, çalışar.
Novruz günü gələndə
Küsülülər barışar.


Mən aşiqəm deyərlər,
Badam, püstə yeyərlər,
Novruz günü adamlar
Təzə paltar geyərlər.


Mən aşiqəm üzülər,
Qara gözlər süzülər,
Novruzun süfrəsinə
Yeddi nemət düzülər.


Atı çapdım cilovla,
Balıq tutdum tilovla,
Açdım Novruz süfrəsin,
Bayram keçdi plovla.


Uca dağın qaşı var,
Ətəyində daşı var.
Novruzun süfrəsində
Zəfəranlı aşı var.


Mən aşiqəm oyular,
Həm doğranar, soyular.
Novruzun süfrəsinə
Mütləq balıq qoyular.

4.6/5 - (31 Səs)

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button