Bayramlar

28 May Müstəqillik günü

28 May Qələbə günü olaraq Azərbaycanda qeyd olunur. Bu gün ölkəmiz üçün olduqca önəmlidir. Hər il bu tarix ölkəmizdə böyük təntənəli şəkildə qeyd olunur.

Bir xalq üçün azadlığın olması hər şeydən önəmlidir. Əsarət altında olan xalqların inkişaf etməsi çətinləşir, başqa millətlərdən asılı hala düşür. Əsrlər boyunca ərəblərin, rusların, farsların əsarəti altında olmuş millətimiz azadlıq şərbətini içməyi böyük həsrtələ gözləyirdi..

28 May – Respublika Günü şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gündür. 1918-ci il mayın 28-də mürəkkəb siyasi hərbi-şəraitdə əsarət altında yaşayan, tarixi, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaratmağı bacardı.

1918-ci il mayın 27-də Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası elan etdi. Bununla da, Parlamentli respublikanın bünövrəsi qoyulmuş oldu. iclas zamanı Azərbaycan Milli Şurasının rəyasət heyəti və sədri seçildi. Mayın 28-də isə Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi.

Azərbaycan Xalq Cümhuriyyətinin qurulması xalqımızın, millətimizin həyatında yeni bir mərhələnin başlanmasına təkan verdi. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyəti, yarandığı dövr üçün inqilabi sayılan bir-çox ünsürləri özündə ehtiva edirdi.

Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı. Ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər, islahatalar həyata keçirilməyə başlandı. Maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət edildi.

Çox qısa zaman ərzində Azərbaycanın ilk universiteti təsis olundu. Universitet təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan əhəmiyyətli işlər görüldü. Cümhuriyyətin ömrü uzun olmasa da, qısa bir müddət – 23 ay ərzində çox böyük işlər görə bilib.

Demokratik hüquq və azadlıqların, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi Cumhuriyyətin ən böyük uğurlarından biri oldu.

1918-ci il mayın 28-də – Cümhuriyyətin yarandığı gün Ədliyyə Nazirliyi də təsis edildi. 1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilib. Sonradan Ulu Öndərin 2000-ci il noyabrın 11-də imzaladığı Sərəncamla həmin gün – 22 noyabr ədliyyə qulluqçularının peşə bayramı günü kimi təsis olunub.

Cümhuriyyət çox az müddət mövcud olsa da, Azərbaycan xalqının milli-vətənpərvərlik ruhunun, azadlıq, müstəqillik arzusunun alovlanmasına təkan verdi. Tarixi proseslər, hadisələr deməyə əsas verir ki, müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir.

Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

Müstəqilliyini itirən Azərbaycan illər sonra yenidən azadlığına qovuşmağı bacardı. XX əsrin sonlarında yenidən müstəqilliyinini qazanan Azərbaycan, bu dəfə öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi.

1994-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti ilə bir çox böyük şirkətlər arasında imzalanmış “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatının inkişafına təkan verdi və gələcək layihələr üçün yol açdı. 

2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi.

Cumhuriyyətin yaranma tarixi

Rusiyada baş vermiş 1917-ci il fevral inqilabından sonra Zaqafqaziyda Dövlət Dumasında deputatlardan ibarət Zaqafqaziyanın idarəsi üzrə xüsusi komitə seçildi. Noyabrda isə Zaqafqaziya Komissariatı yaradıldı. Zaqafqaziyadan Rusiyanın Müəssisələr Məclisinə seçilmiş və bolşeviklərin oktyabr çevrilişindən sonra orada iştirak edə bilməyən nümayəndələri 1918-ci il fevralın 14-də Tiflisdə toplaşırlar. Zaqafqaziyada ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini yaradıldı. Lakin orqanda fəaliyyət göstərən hər üç millətin nümayəndələrindən hər biri öz millətinin mənafeni ümumzaqafqaz mənafeyindən üstün tuturdu. Buna görə də ümumi bir platforma yox idi. Bir sözlə yenidən parçalanmanın baş verməsi qaçınılmaz idi. Parçalanma çox çəkmədi, 1918-ci il may ayının 25-də Zaqafqaziiya Seyminin son iclası keçirilir və Gürcüstan Zaqafqaziiya Seymindən çıxaraq may ayının 26–da öz istiqlaliyyətini elan edir.

Zaqafqaziya Seymi dağıldıqdan bir gün sonra, yəni mayın 27-də, Azərbaycanın istiqlaliyyətini elan etmək üçün ilkin addımlar atılır. İlk Azərbaycan hökuməti yaratmaq üçün Seymin 44 nəfər müsəlman nümayəndələri Tiflisdə toplanır və Azərbaycanın Milli Şurası elan edilir.

M.Ə.Rəsulzadə Azərbaycan Milli Şurasının sədri seçilir.

1918-ci il may ayının 28-də Azərbaycan Milli Şurası Həsən bəy Ağayevin sədirliyi ilə Azərbaycanın istiqlaliyyəti haqqında bəyannaməni qəbul edir. 

1918-ci il iyunun 16-da Azərbaycan Milli Şurası və hökuməti Tiflisdən Gəncəyə köçür. 1918-ci il iyunun 17-də M.Ə.Rəsulzadənin sədirliyi ilə Milli Şuranın növbəti (yeddinci) iclası keçirilir.  İclasda çıxış edən F.X.Xoyski bildirir ki onun yaratdığı yeni hökumətin başlıca vəzifəsi Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda mübarizə olacaqdır. Ən mühüm tədbirlərdən biri də 15 iyul 1918-ci ildə Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqındakı qərarıdı.

Qızğın döyüşlər nəticəsində 1918-ci il sentyabrın 15-də Bakı Qafqaz İslam ordusu tərəfindən azad olunur. Sentyabrın 17-də F.X.Xoyski hökuməti Gəncədən Bakıya köçür. Xalqın rifahının yaxşılaşdırılması ilə bağlı ölkədə xeyli tədbirlər görülür. Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan olunur. 1918-ci il iyunun 17-də Gəncədə öz fəaliyyətini dayandırmış Azərbaycan Milli Şurası həmin il noyabrın 16-da öz işini yenidən bərpa edir. 

Noyabrın 19-da Milli Şuranın M.Ə.Rəsulzadənin sədrliyi ilə keçən iclasında; “Azərbaycan Milli Şurası Azərbaycan ərazisində yaşayan bütün millətləri təmsil etməlidir” deyə qeyd olundu.

İclasda qəbul edilən qərarlara əsasən, hər 24 min nəfərdən bir nümayəndə hesabı ilə müsəlmanlar 80, ermənilər 21, ruslar 10, almanlar 1, yəhudilər 1 nümayəndə olmaqla Azərbaycan Parlamentini 120 nəfərdən ibarət formalaşdırmaq qərara alınır. Müsəlmanlardan isə 44 Milli Şura üzvü ümumi səsvermə yolu ilə seçildikləri üçün yeni Parlamentə üzv daxil olurlar.

M.Ə.Rəsulzadənin imzası ilə 1918-ci il noyabr ayının 29-da Azərbaycan və rus dillərində “Bütün Azərbaycan əhalisinə!” Müraciətnaməsi dərc edilir.

1918-ci il dekabrın 7-i  H.Z.Tağıyevin Nikolayev küçəsində yerləşən keçmiş qız məktəbinin binasında müsəlman şərqində ilk parlamentin birinci iclasının açılışı oldu. Parlamenti açan Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə böyük təbrik nitqi söyləmişdir. Parlamentin sədri Ə.Topçubaşov, Həsənbəy Ağayev isə sədrin birinci müavini olaraq seçilirlər.

Parlamentin 3 nəfərdən ibarət katibliyi də seçilir, ki, baş katib Mehdi bəy Hacıniskidir.

F.X.Xoyski hökumətin fəaliyyəti haqqında hesabat verir, hökumətin istefasını qəbul etməyi Parlamentdən xahiş edir və parlament F.X.Xoyski hökumətinin istefasını qəbul edir. Daha sonra yeni hökumətin tərkibini formalaşdırmağı yenə də ona tapşırılır.

Artıq 1919-cu ilin axırlarına yaxın Parlamentdə 11 müxtəlif partiya fraksiyası və qrupunu cəmi 96 deputat təmsil edirdi. Cəmi 17 ay fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan  Xalq Cümhuriyyətnin Parlamenti özünün həyatiliyi və yüksək işgüzarlıq qabiliyyətini sübut etdi. 

Bu dövr ərzində Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 145 iclası keçirilmişdir. İlk iclas 1918-ci il dekabrın 7-də, son iclas isə 1920-ci il aprelin 27-də olmuşdur.

Fəaliyyət müddətində Azərbaycan Cümhuriyyəti Parlamentinin müzakirəsinə 270-dən yuxarı qanun layihəsi çıxarılmışdır ki, onlardan da 230-a yaxını təsdiq edilmişdir.

1920-ci il 28 aprel işğalı ilə Azərbaycan müstəqil dövlət olmaq yolunda səylərini dayandırmış oldu. Uzun sürən çətinliklər nəticəsində beynəlxalq aləmdə de-fakto tanınan azərbaycan yalnız 23 ay müstəqil ola bildi.

Dəyərləndir

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button