
Excel-də anbar uçotu və maliyyə hesabatları
Excel hələ də kiçik və orta bizneslər üçün ən əlçatan anbar uçotu və maliyyə hesabatı alətlərindən biridir. Çünki hər şirkətin ilk ehtiyacı böyük sistemlər deyil, sadə, işlək və real rəqəmləri göstərən bir struktur olur. Mal nə qədər qalıb, hansı məhsul daha çox satılır, hansı məhsul anbarda ilişib qalıb, ayın sonunda satışdan nə qədər gəlir əldə olunub, xərclər gəliri nə qədər azaldıb – bütün bu sualların cavabını düzgün qurulmuş Excel şablonu ilə izləmək mümkündür. Microsoft-un öz Excel şablon kitabxanasında da inventar, balans və maliyyə idarəetməsi üçün hazır nümunələr təqdim olunur. Bu da göstərir ki, Excel yalnız sadə cədvəl proqramı deyil, düzgün qurulduqda biznesin gündəlik nəzarət panelinə çevrilə bilər. Microsoft inventar şablonlarını məhsul sayını izləmək, miqdarı yoxlamaq və dəqiq qeydiyyat aparmaq üçün istifadəni tövsiyə edir; maliyyə şablonları isə xərcləri, büdcəni və biznes göstəricilərini daha rahat idarə etməyə kömək edir.
Excel-də doğru anbar uçotu strukturu necə olmalıdır?
Anbar uçotunda əsas məsələ məhsulun sadəcə siyahısını yaratmaq deyil. Əsas məsələ hər hərəkətin izini saxlamaqdır. Yəni məhsul nə vaxt daxil olub, hansı qiymətlə alınıb, neçə ədəd satılıb, neçə ədəd geri qaytarılıb, anbarda hazırda nə qədər qalıb və həmin qalıq pul ifadəsində nə qədər edir.
Sadə bir Excel anbar uçotu şablonu bu məlumatları ayrı-ayrı vərəqlərdə saxlamalıdır: məhsul siyahısı, alışlar, satışlar, qaytarılmalar, cari qalıq və hesabat paneli. Bu struktur qurulmadıqda cədvəl ilk baxışda işləyirmiş kimi görünür, amma bir müddət sonra rəqəmlər qarışır və real vəziyyəti göstərmir. Excel-də avtomatlaşdırmaq və professional şablonlar qurmaq üçün Excel təlimi proqramına qoşularaq SUMIFS, XLOOKUP, FILTER, PivotTable və Power Query kimi alətlərin peşəkar tətbiqini öyrənə bilərsiniz.
Unikal məhsul kartı və kodlaşdırma
Praktikada ən çox istifadə olunan yanaşma məhsul kartı yaratmaqdır. Hər məhsulun öz kodu, adı, kateqoriyası, ölçü vahidi, alış qiyməti, satış qiyməti, minimum stok səviyyəsi və təchizatçı məlumatı olur. Məhsul kodu burada çox vacibdir, çünki eyni ada bənzəyən məhsullar sonradan hesabatlarda səhv nəticə yarada bilər.
Məsələn, “A4 kağız” adlı iki fərqli məhsul varsa, biri 80 qram, digəri 100 qram ola bilər. Adla işləmək səhv riskini artırır, kodla işləmək isə hesabatı daha təmiz saxlayır.
Giriş-Çıxış əməliyyatlarının idarə edilməsi və formulalar
Excel-də anbar uçotunu daha praktik etmək üçün giriş və çıxış əməliyyatları ayrıca yazılmalıdır. Mal alınanda alış cədvəlinə tarix, məhsul kodu, miqdar, alış qiyməti və ümumi məbləğ daxil edilir. Satış olduqda isə satış cədvəlində tarix, məhsul kodu, satılan miqdar, satış qiyməti və satış məbləği qeyd olunur. Sonra Excel formulaları bu məlumatları birləşdirərək cari qalığı avtomatik hesablayır.
Məsələn, ümumi daxil olan miqdardan ümumi çıxan miqdarı çıxmaqla anbar qalığını tapmaq olur. Smartsheet-in inventar şablonları ilə bağlı təqdim etdiyi nünumələrdə də anbar uçotunun yalnız say izləməkdən ibarət olmadığı görünür. Bu tip şablonlarda stok səviyyələri, təkrar sifariş nöqtələri, təchizatçı məlumatları, məhsulun yerləşdiyi anbar bölməsi və inventar dəyəri kimi göstəricilər birlikdə izlənilir. Bu yanaşma biznesə həm artıq stok riskini azaltmağa, həm də məhsul bitməmişdən əvvəl sifariş qərarı verməyə imkan yaradır.
Minimum stok səviyyəsi və şərti formatlaşdırma
Excel-də anbar uçotu qurularkən ən faydalı göstəricilərdən biri minimum stok səviyyəsidir. Bu göstərici məhsulun anbarda hansı həddən aşağı düşdükdə yenidən sifariş edilməli olduğunu göstərir. Məsələn, bir məhsuldan ay ərzində orta hesabla 100 ədəd satılırsa və təchizat 10 gün çəkirsə, həmin məhsul üçün minimum stok səviyyəsi elə hesablanmalıdır ki, sifariş gələnə qədər satış dayanmasın.
Excel-də şərti formatlaşdırma (Conditional Formatting) ilə bu tip məhsulları avtomatik qırmızı rəngdə göstərmək mümkündür. Nəticədə istifadəçi yüzlərlə sətri tək-tək yoxlamır, sistem ona hansı məhsulun diqqət tələb etdiyini özü göstərir.
İnventar qiymətləndirmə metodları. FIFO və Orta Maya Dəyəri
Maliyyə hesabatlarının qurulması isə anbar uçotunun davamı kimi düşünülməlidir. Çünki anbardakı məhsul sadəcə fiziki mal deyil, həm də biznesin aktividir. Satılmamış məhsul balansda ehtiyat kimi görünür, satılmış məhsul isə gəlir və maya dəyəri hesablamasına təsir edir. Investopedia-nın izah etdiyi kimi, inventar bir çox şirkət üçün aktivlərin böyük hissəsini təşkil edə bilər və inventarın qiymətləndirilməsi balans hesabatına, mənfəət-zərər hesabatına və pul vəsaitlərinin hərəkəti hesabatına birbaşa təsir göstərir.
Burada ən önəmli məqamlardan biri məhsulun maya dəyərinin düzgün hesablanmasıdır. Əgər məhsul həmişə eyni qiymətə alınırsa, hesablama sadədir. Amma real biznesdə alış qiymətləri dəyişir. Bu zaman Excel-də FIFO və ya orta maya dəyəri yanaşması qurmaq lazım gəlir.
- FIFO (First In, First Out): Yanaşmasında əvvəl alınan məhsulun əvvəl satıldığı qəbul edilir.
- Orta Maya Dəyəri Metodu: Alınan məhsulların ümumi dəyəri ümumi miqdara bölünür və vahid orta qiymət hesablanır.
Investopedia bu metodları inventar qiymətləndirməsində geniş istifadə olunan yanaşmalar kimi izah edir. Kiçik bizneslər üçün Excel-də orta maya dəyəri metodu daha sadə və praktik ola bilər. Çünki hər satış üçün hansı partiyanın çıxdığını izləmək lazım gəlmir. Məsələn, eyni məhsuldan əvvəl 50 ədəd 10 manata, sonra 50 ədəd 12 manata alınıbsa, orta alış qiyməti 11 manat olacaq. Satış zamanı maya dəyəri bu orta qiymət əsasında hesablanacaq. Bu yanaşma xüsusilə eyni tipli, çox sayda və bir-birindən fərqlənməyən məhsullar üçün rahatdır.
Excel-də Maliyyə hesabatları və idarəetmə paneli (Dashboard)
Maliyyə hesabatı tərəfdə isə Excel şablonu ən azı üç əsas nəticəni göstərməlidir: satış gəliri, satılan malların maya dəyəri və mənfəət. Satış gəliri satış cədvəlindən gəlir, maya dəyəri anbar uçotu və qiymətləndirmə metodundan hesablanır, mənfəət isə gəlirdən maya dəyəri və digər xərclər çıxıldıqdan sonra görünür. Vertex42 və Sage kimi mənbələrdə təqdim olunan maliyyə hesabatı şablonları da gəlir hesabatı, balans, pul axını və mənfəət-zərər hesabatlarının biznesin nəticələrini anlamaq üçün əsas sənədlər olduğunu göstərir.
Excel-də bu hesabatları daha anlaşıqlı etmək üçün dashboard qurmaq faydalıdır. Dashboard rəhbərin və ya sahibkarın cədvəllərin içində itmədən əsas göstəriciləri görməsi üçündür. Burada ümumi satış, ümumi mənfəət, anbarda qalan məhsul dəyəri, ən çox satılan məhsullar, stok riski olan məhsullar və aylıq satış dinamikası göstərilə bilər. PivotTable və PivotChart vasitəsilə bu məlumatları avtomatik yeniləmək mümkündür. Əgər məlumatlar düzgün strukturda saxlanılırsa, dashboard sadəcə bir vizual səhifə deyil, real qərarvermə alətinə çevrilir. Biznes idarəetməsində bu strukturu sıfırdan öyrənmək üçün Handex təhsil mərkəzinin praktiki metodologiyalar sahibkarlara və mütəxəssislərə böyük üstünlük qazandırır.
Böyük səhvlər və məlumat daxiletmə qaydaları (Data Validation)
Ən böyük səhvlərdən biri Excel-də hər şeyi bir vərəqdə saxlamaqdır. İlk günlər bu rahat görünür, amma məhsul sayı artdıqca cədvəl idarəolunmaz hala gəlir. Daha düzgün yanaşma məlumat bazasını və hesabatı ayırmaqdır. Məlumat bazasını sadəcə əməliyyatlar saxlanılır, hesabat vərəqlərində isə formulalar və vizual nəticələr olur. Belə olduqda həm səhv riski azalır, həm də gələcəkdə Power BI və ya başqa sistemə keçmək daha asan olur.
Başqa bir vacib məqam məlumat daxil etmə qaydalarıdır. Excel şablonu nə qədər yaxşı qurulsa da, istifadəçi məlumatı səhv daxil edirsə, hesabat da səhv olacaq. Buna görə məhsul adları açılan siyahı ilə seçilməli, tarix formatı standart olmalı, mənfi stok yarananda xəbərdarlıq görünməli və boş xanalar minimuma endirilməlidir. Data Validation, Conditional Formatting və qorunan xanalar bu işdə çox kömək edir. Məsələn, istifadəçi məhsul kodunu əl ilə yazmaq əvəzinə siyahıdan seçirsə, səhv yazılış ehtimalı azalır.





